4 oktyabr Azərbaycan tarixinin yaddaşında xüsusi yeri olan günlərdəndir. 2020-ci ilin həmin günü Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində mühüm hərbi nəticələrdən biri kimi Azərbaycanın Zəfər yolunda mühüm mərhələ oldu.
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun qarşıya qoyulan hərbi məqsədlərə doğru ardıcıl irəliləyişinin mühüm göstəricisi idi. Müharibənin ilk günlərindən etibarən əldə olunan nəticələr ordumuzun döyüş qabiliyyətini, şəxsi heyətin yüksək hazırlığını və əməliyyatların düzgün planlaşdırılmasını nümayiş etdirirdi. Cəbrayıl istiqamətində əldə edilən uğur isə sonrakı hərbi əməliyyatlar üçün yeni imkanlar yaratdı.
Bu qələbənin əhəmiyyətini yalnız bir şəhərin azad olunması ilə məhdudlaşdırmaq doğru olmaz. Cəbrayılın azad edilməsi Azərbaycanın cənub istiqamətində mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Ardınca digər yaşayış məntəqələrinin və rayonların azad edilməsi Vətən müharibəsinin gedişində Azərbaycanın hərbi üstünlüyünün genişlənməsinə gətirib çıxardı.
Cəbrayıl uğrunda döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığını və fədakarlığını bir daha ortaya qoydu. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin xidmətləri Zəfər tariximizin ayrılmaz hissəsidir. Onların göstərdiyi şücaət illər keçdikcə daha böyük ehtiramla xatırlanacaq.
Cəbrayıl həm də uzun illər doğma yurduna qayıtmaq həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşdiyi ünvanlardan biridir. 27 illik işğaldan sonra şəhərdə Azərbaycan bayrağının yenidən ucaldılması təkcə hərbi qələbə deyil, həm də insanların doğma torpaqları ilə yenidən qovuşmasının başlanğıcı idi.
Cəbrayılın azadlığından sonra Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması da Zəfər tariximizin yaddaşlara həkk olunan simvolik hadisələrindən birinə çevrildi. Bu görüntü uzun illər həsrətlə gözlənilən qayıdışın və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan nəticələrin mühüm rəmzlərindən biri kimi tarixə düşdü.
Bu gün Cəbrayıl artıq yalnız keçmişin ağır izləri ilə xatırlanan şəhər deyil. Burada genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Beləliklə, hərbi Zəfər mərhələsi tədricən Böyük Qayıdış mərhələsi ilə tamamlanır.
4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması da bu tarixi hadisənin dövlət yaddaşındakı əhəmiyyətini göstərir. Bu gün şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, qazilərimizin xidmətlərini xatırlamaq və Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı gələcək nəsillərə çatdırmaq baxımından mühüm tarixdir.
Cəbrayılın azadlığı bizə bir daha göstərdi ki, dövlətçilik yalnız bu günün deyil, gələcək nəsillərin də məsuliyyətidir. Bu torpaqların bərpası, insanların öz yurdlarına qayıtması və burada yeni həyatın qurulması isə Zəfərin ən mühüm nəticələrindən biridir.
Cəbrayıl – şəhidlərin qanı, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqımızın uzun illər qoruduğu qayıdış arzusu ilə yazılmış Zəfər tariximizin əbədi səhifəsidir.
Təbriz Məhərrəmoğlu
Yenigun.Media saytının təsisçisi və baş redaktoru




















