Təkrar əkinlər aqroekoloji və iqtisadi baxımdan səmərəlidir - Fermerlərə tövsiyə

OXUNUB: 619 Özəl İQTİSADİYYAT
İldən-ilə fermerlərin təkrar əkinlərə marağı artır. Müşahidələr göstərir ki, iqtisadi cəhətdən səmərəli olduğundan ölkəmizdə məhsul yığımından sonra təkrar əkinlərin aparılması ənənələri genişlənir. Fermerlər faraş tərəvəz yığımı və taxıl biçinindən sonra payızlıq əkinlərə qədər ildə iki dəfə məhsul götürmək üçün təkrar əkin həyata keçirirlər. Təkrar əkinlər üçün əksər hallarda qarğıdalı bitkisinə üstünlük verilir.

Hazırda dən və yaşıl yem istehsalının artırılması məqsədilə taxıl biçinindən sonra təkrar əkinlərinin aparılması prosesi davam edir.  İyulun 20-dək ölkə üzrə 27500 ha sahədə təkrar qarğıdalı əkini aparılıb.

Respublikanın torpaq-iqlim şəraiti payızlıq dənli-taxıl bitkiləri yığıldıqdan sonra təkrar əkin aparılmasına və ikinci məhsul alınmasına imkan verir. Qarğıdalı bitkisinin qısa vegetasiya müddətinə malik olması və hektardan yüksək dən və yaşıl kütlə verməsi, onun təkrar əkində istifadəsini ön sıraya çıxarır. Başqa sözlə, təkrar əkin ölkədə əkin dövriyyəsində olan torpaqlardan səmərəli istifadə olunmasına imkan verir. Üstəlik,  taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkinin aparılması torpağın strukturunu yaxşılaşdırır.

Təkrar əkinlərin həm məhsul artımı, həm də fermerlərin gəlirlərinin artması baxımından böyük əhəmiyyəti var. Çünki, təkrar əkin sayəsində fermerlər daha çox gəlir əldə edir, əvəzində ölkədə heyvandarlığın yem ehtiyatı daha da zənginləşir.  

Təkrar əkin dövründə əkilən aralıq bitkilərinin məhsulu yığıldıqdan sonra torpaqda xeyli miqdarda bitki qalıqları və kök kütləsi qalır, becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və onların əmələ gətirdiyi ümumi məhsulun miqdarından asılı olaraq aralıq bitkiləri torpaqda 40-60 s/ha bitki qalığı və kök kütləsi saxlayır. Həmin üzvi qalıqlar torpaqda humusun miqdarını artırır, onun sturuktur vəziyyətini yaxşılaşdırır. Təkrar əkinlər həm aqroekoloji baxımdan, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, respublikada mal-qaranın qüvvəli və  yaşıl yemə olan  tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən  istifadə vacibdir.

Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, təkrar qarğıdalı əkini aparan fermerlərə hər hektara görə 86 manat subsidiya verilir. Bu, fermerlərə bir ildə ikinci dəfə subsidiya almaq imkanının tanınması deməkdir.  Fermerlər təkrar əkinlərə görə subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir. Subsidiya üçün elektron müraciətlərin müddəti avqustun 31-də başa çatır. 
 
 




RƏYLƏR