VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb

OXUNUB: 1082 Özəl İQTİSADİYYAT
"YAŞAT” Fondunun, "ASAN Könüllüləri” Təşkilatının və "Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, "Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən VI "Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb. 

Bağlanış mərasimində "YAŞAT” Fondunun və "Azərkontrakt” ASC-nin nümayəndələri, "Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül, "Neftçi” PFK-nın mətbuat katibi Emin Əfəndi və veteran futbolçu Səməd Qurbanov iştirak ediblər.

"Neftçi” Futbol Mərkəzində baş tutan bağlanış mərasimindən sonra 3-cü qrup iştirakçıları mükafatlandırılıblar. Uşaqlara sertifikat və hədiyyələr təqdim olunub. Sonra "Neftçi Arena”ya yollanan iştirakçılar üçün stadion turu təşkil edilib. Uşaqlar klubun muzeyi, komandaya aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olublar.

100 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxil olub. Bundan əlavə, uşaqlara "Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilib. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilib, "Neftçi Arena”da onlar üçün stadion turu təşkil olunub.


Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.

Layihənin media dəstəkçiləri ASAN Radio, ASAN TV  və Neftçi TVdir.
 


 

RƏYLƏR