“Volvo” 2,1 mln. avtomobili geri çağırır

OXUNUB: 1643 İQTİSADİYYAT DÜNYA
İsveçin "Volvo Cars” şirkəti təhlükəsizlik kəməri çatışmazlığı səbəbindən 2 milyondan çox avtomobili geri çağırır. Bu, "Volvo” tarixində ən böyük geri çağırışıdır.

TASS-ın verdiyi məlumata görə, qoruyucu təsiri zəiflədə biləcək ön təhlükəsizlik kəmərinin çarxlarındakı polad trosda qeydə alınmış problem səbəbindən 2006-cı ildən 2019-cu ilədək istehsal olunan təxminən 2,1 mln. "Volvo” avtomobili geri çağırılır.

Şirkətin mətbuat katibi Stefan Elfströmün sözlərinə görə, bu, "Volvo” tarixindəki ən böyük geri çağırışdır. Aşkar edilmiş nasazlıqla bağlı xəsarətlərin olması barədə artıq sübutlar mövcud olsa da, avtomobil istehsalçısı bunu gələcəkdə oxşar hadisələrin qarşısını almağa yönəldilmiş profilaktik tədbir adlandırır. "Müəyyən şərtlər və zaman keçdikcə polad tros köhnəlir. Bu, olduqca nadir bir problemdir”, – deyə S. Elfström əlavə edib.

Nəticədə, "Volvo”nun S60, S60L, S60CC, V60, V60CC, XC60, V70, XC70, S80 və S80L modelləri geri çağırılır.

Xatırladaq ki, geri çağırılan 2,1 mln. avtomobilin 412 mini İsveçdədir.

RƏYLƏR