Abşeron rayonunda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanaya yerləşdirilib və oradan yaralı vəziyyətdə qaçıb.
İcmal.Az-ın Report-a istinadla xəbərinə görə, piyadanın ölümü ilə nəticələnən yol qəzası Xırdalan şəhərində baş verib.
Belə ki, Heydər Əliyev prospektində təxminən 25 yaşlı Orxan (soyadı hələlik məlum deyil) idarə etdiyi 99-CP-033 dövlət qeydiyyat nişanlı, "Mercedes” markalı avtomobillə əvvəlcə yolu keçən 1971-ci il təvəllüdlü Ağazadə Səmayə Adil qızını vurub. Daha sonra avtomobil yol kənarındakı hasara çırpılıb. Piyada hadisə yerində ölüb. Sürücü isə açıq kəllə-beyin travması alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin o, həkimlərin ilkin tibbi yardımı zamanı xəstəxananın pəncərəsindən qaçıb.
Hazırda Abşeron rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.