Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

OXUNUB: 179 Özəl İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair keçirdiyi təlimlərin ikinci mərhələsi başlayır. 
13-14 may tarixlərində Gəncə şəhərində keçiriləcək təlimlərdə 1110 fermerin iştirakı gözlənilir. Təlimlərə ilkin mərhələdə hər hansı səbəbdən iştirak etməmiş, yaxud qeydiyyatdan gec keçmiş təsərrüfat rəhbərləri cəlb olunub. Fermerlərə təlimlərin yeri və tarixi ilə bağlı SMS-bildiriş göndərilib. 
Qeyd edək ki, bundan əvvəl Füzuli və Yevlax rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək təsərrüfatların rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlim keçirilib. Təlimlərdə 4042 fermer iştirak edib. 
ANAMA mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə azad olunmuş ərazilərdəki dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Təlim iştirakçılarına vizual tanımaq üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib, azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası, buklet, broşür və plakatlar təqdim olunub. 
Təlimi başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzalayırlar. Təlimlərdə iştirak etmiş, müvafiq iltizamnaməni imzalamış fermerlər yaylaqlara köç prosesində iştirak edə biləcəklər.

RƏYLƏR