Artıq bir müddətdir ki, fəaliyyətə başlayan ypx.az saytının yol polisinin rəsmi orqanı olması ilə bağlı fikirlər var. Belə ki, domain adı yol polisinə aid olan bu saytda elə eyni istiqamətli mövzular dərc edilir.
Araşdırma zamanı isə bəlli olur ki, ictimaiyyət arasında da sayt rəhbərliyi özünü yol polisinin rəsmi saytı kimi təqdim edir. Bəzi yol polisləri ilə söhbətimiz zamanı da onlar bu faktı təsdiqlədilər. Dedilər ki, bu saytı bizim rəsmi orqan olaraq bilirik.
Əslində isə Niftəliyev Səməndər Nadir oğluna aid olan bu domainin adıçəkilən qurumla heç bir əlaqəsi yoxdur.
Maraqlıdır ki, bu şəxs eyni zamanda ppx.az domaini də alıb. Bu saytlardan hansı məqsədlərlə istifadə etməsi müamma doğurur. Çünki cəmiyyətdə yol polisinin və ya polisin saytı kimi formalaşmaq cəhdləri gələcəkdə fəsadlara səbəb ola bilər. Belə ki, yerləşdirilən hər hansı qeyri-dəqiq informasiya polisin işgüzar nüfuzuna da xələl gətirə bilər. Yəqin ki, Daxili İşlər Nazirliyi bu barədə müvafiq araşdırma aparacaq.