Gəncənin Nizami
rayonunda sakinlər evlərinin icra hakimiyyətinə məxsus texnikalarla sökülməsi təhlükəsi
ilə qarşı-qarşıya qalıb
Bu barədə sakinlər məlumat verib. Onların sözlərinə görə, ötən gün Nizami
rayonunun icra başçısı Nizami Hacıyev "Bayan” küçəsinin sakinləri ilə görüşüb
və bildirib ki, sənədsiz evlərin hamısı söküləcək.
"İcra nümayəndələri bizə deyirlər ki, 4 sot torpağı sənədləşdirmək üçün
2500-3000 manat ödənilməlidir. Əks halda evlər söküləcək”, - deyə sakinlər
iddia edirlər. Onların sözlərinə görə, 1993-94-cü ildən bu küçədə yaşayırlar.
"2006-cı ildə əhali sənədlərin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.
Məhkəmə qərar çıxarmışdı ki, hər bir evin sənədi verilsin. Lakin indi icra
nümayəndələri deyirlər ki, məhkəmənin qərarını özündə əks etdirən sənəddə iki möhür
əvəzinə bir möhür var”, - deyə sakinlər bildirir.
Hazırda "Bayan” küçəsində İcra Hakimiyyətinə məxsus texnikanın ərazidə
olduğu və evlərin sökülməsi üçün göstəriş gözlədiyi bildirilir.
Məsələ ilə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün
olmayıb./palitika.az
İCMAL.az