ŞOK! Alatavada əhali öz hesabına yol çəkir: Saleh Məmmədovla Ülvi Quliyevin "yol əhvalatı"

OXUNUB: 4392 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl

Bakının 2-ci Alatava sakinlərinin "Azəravtoyol” ASC sədri Saleh Məmmədova, deputat Ülvi Quliyevə və Yasamal rayon rəhbərliyinə (İbrahim Mehdiyevin dönəmindən - red) müraciətləri fayda vermədi

Məlumata görə,ASC, RİH və millət vəkili yaşayış massivinin bərbad yolları ilə əlaqədar ötən ilin qışından bu günə kimi dəfələrlə edilən xahişlərə, şikayət və müraciətlərə məhəl qoymadılar.

Yolları buz bağlayan, çala-çuxur olan, keçilməz səddə çevrilən II Alatavaya artıq qış gəlməkdədir. Aidiyyatı qurumların onların müraciətini qulaqardı etdiyini görən yerli camaat öz vəsaiti hesabına yol çəkdirməyə başlayıb.

Neft ölkəsində öz cibindən birtəhər pul düzəldərək yol çəkdirən vətəndaşların haqqını məmurlar həzm edib yedilər. Görəsən, S.Məmmədov, Yasamal rəhbərliyi və deputat Ü.Quliyev utanmadımı?!

Kiçik bir yaşayış massivinin yollarını asfaltlamaq, məktəblilərin, yaşlıların gediş-gəlişini rahat etmək, sürücülərin hər ay xarab olan maşınlarını bəladdan xilas eləmək çox çətin idi?

Azəravtoyol ASC-nin profili, fəaliyyəti nədən ibarətdir? Bəlkə hava haqqında məlumat verməklə məşğuldur?

Bəlkə yolları Kənd Təsərrüfatı Nazirliyi düzəltməliydi? Bu laqeydlik, saymazlıq nəticəsində həmin məmurlar vətəndaşları dövlətdən, hökumətdən narazı saldılar.

Əcəba deputat Ü.Quliyev seçicilərlə aidiyyatı orqanlar arasında vasitəçilik etməlidir yoxsa apteklərində, restoranlarında gündəlik gəlirləri hesablamalıdır?

Bu rəzil münasibətdən sonra qarşıdan qarlı-çovğunlu qışın gəldiyini görən II Alatava sakinləri ailələrinin boğazından kəsib ümumi fond yaradıb dağılmış yolları düzəltməyə başladılar.

Dəfələrlə mətbuatda bu massivin yol problemi işıqlandırılıb, fotolar təqdim olunub. Hətta qeyd edilib ki, burada aprel şəhidi Mirzə Novruzovun ailəsi yaşayır. Amma RİH şəhidin evinə gedən yola yamaq vuraraq "vəzifəsini” bitmiş hesab elədi.

Məlumata görə,yerli sakinlər məmurlardan heç bir kömək gözləmirlər. Onlar nə seçkidə Ü.Quliyevə səs veriblər, nə bundan sonra S.Məmmədova müraciət edəcəklər, nə də Yasamal RİH-nə yazacaqlar.

Ölkədə iqtisadi inkişafdan danışan məmurlar şəhərin mərkəzindən uzaq olmayan bir yaşayış massivinə 5-6 maşın asfalt tökməyə ərindilər.

Hərçənd, dövlət pul ayırır, qəsəbələrin, ara yolların, məhəllələrin yolunu təmir etməyə vəsait xərcləyir. "Azəravtoyol” ASC başda olmaqla aidiyyatı orqanlar həmin vəsaitləri mənimsəyirlər.

Hərçənd ki, hər qurum özünü müdafiə etmək üçün bir bəhanə axtarıb tapır. Fakt isə budur ki, bir ildən çox müraciət edən alatavalılara kömək göstərilmədi.

Sakinlər qeyd edirlər ki, qəsəbənin sözügedən yolları heç də Suriyanın döyüş gedən küçələrindən geri qalmır.

Küçələr, maşın yolları mina düşmüş əraziləri xatırladır. Üzdə qalan kanalizasiya borularının da tez-tez sıradan çıxması onsuz da pis vəziyyətdə olan küçələri üfunət qoxusu ilə bürüyüb.

Qəsəbə sakinləri bildirirlər ki, darısqal küçələrdə, üstəlik, çala-çuxur olan yollarda hərəkət etmək işgəncəyə çevrilib.

Ancaq nə icra başçısı, nə də rayonun bu ərazi üzrə deputatı Ü.Quliyev 2-ci Alatava adlanan yaşayış massivinə ayaq basıb. Kim bilir, bəlkə də onlar bu yaşayış massivinin yolunu tanımırlar.

Sakinlər qeyd edirlər ki, "20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən 2-ci Alatava yaşayış massivinin yolları əsasən dik olduğundan yağış və qardan sonra problem daha da artır, yollar keçilməz olur./palitika.az

ICMAL.az

RƏYLƏR