Azərbaycan ictimaiyyətində daha çox Frenk
Elkaponi kimi tanınan Rusiya və İtaliyada biznesi olan Dünya Azərbaycanlıları Mədəniyyət
Fondunun rəbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti
Füzuli Məmmədovun uzun illərdən sonra birdən-birə Azərbaycanda peyda olması
müxtəlif və müəmmalı suallar ortaya çıxartdı.
Bu iş adamı haqqında çox yazılıb, daha çox Rusiya mətbuatında.
Varlı və xeyriyyəçi, hətta adı kriminal olaylarda hallanan bir şəxs kimi
ictimaiyyətə təqdim olunub.
Hərbi xidməti başa vurduqdan sonra Rusiyada ticarətlə məşğul
olan Məmmədov ildənilə var-dövlət sahibinə çevrilə bilib. "Reçnoy vokzal”
metrostansiyası yaxınlığındakı kolxoz bazarında al-ver edib. Bu bazar Rusiyada
daha çox narkotik al-verinə çevrilən məkan kimi tanınırdı. Qafqazlılar burada
narkotiki kibrit qutularında satırdılar. Füzuli Məmmədovun da ilk iş təcrübəsini
məhz buradan qazandığı söylənilir. Amma o, and içirdi ki, bu vaxta qədər əlində
heroin belə tutmayıb...
Rusiya mətbuatının yazdığına görə, onun haqqında çoxlu
ittihamlar söylənilib. Bu ittihamlar həqiqət də ola bilər.
Məsələn, Əliyev xalqın təkidilə yenidən hakimiyyətə gəldikdən
sonra Məmmədovun Azərbaycan neftini Moskvada satması prosesinə nəzarət etmək
arzusunda olduğu, məşhur mafioz Elkaponi ilə bağlı filmlərə baxıb ruhlanaraq,
Siciliyaya gedib Elkaponi soyadlı bir qızla evlənib bu soyadı götürməsi,
1996-cı illərdə "obşak”dan 1,5 milyon dollar toplayıb Lotu Hikməti "Bayıl” həbsxanasından
azad etmək üçün Bakıya gəlməsi, onun Türkiyənin agenti olması, Azərbaycan
mallarının Rusiya ərazisində satılması prosesinə bütün nəzarəti öz əlinə almaq
istəyini həyata keçirə bilməyərək aldanması və nəhayət sifarişlə həbsxanaya
salınması...
Onun daha çox avantüra ilə məşqul olduğu qabardılır. Bununla
bağlı Rusiya mətbuatında yetərincə yazlıb.
Məsələn, yazılır ki, Rusiya prezidenti Putinin Bakıya səfəri
zamanı öz adamlarını Rusiya səfirliyinin qarşısına yığıb onu təmtaraqlı
qarşılamasını planlaşdırıb. Lakin Bakı polisi buna icazə verməyib. Rusiyanın Azərbaycandakı
səfiri isə Elkaponini qəbul etməkdən imtina edib.
Daha bir iddia onun eks-spiker Rəsul Quliyevlə əməkdaşlıq etmək
fikrində olmasıdır. Hətta o planlaşdırmışdı ki, Azərbaycan səfirliyi önündə
R.Quliyevin hüquqlarını qorumaq üçün bir piket təşkil etsin. Lakin R.Quliyev
onun bu istəyinə soyuqqanlı yanaşıb və onu özündən uzaqlaşdırıb.
Elkaponi hələ həbsxanada olarkən oradan qurtarmaq üçün əl
atdığı variantlardan birinin də Ayaz Mütəllibova yol axtarmaq olduğu yazılır.
Lakin A.Mütəllibovun onun elçisini qəbul etmədiyi də söylənilir.
"Nezavisimaya qazeta”da F.Məmmədovun tapşırığı ilə "Frenk
Fondu”nun vitse-prezidenti Andrey İvanov "Qüvvəyə məhkum olundular” bağlıqlı
yazı dərc edib. Burada Əliyev hakimiyyəti təriflənir. O da söylənilir ki, bu
yazının yazılması Məmmədova 7 min dollara başa gəlib.
... F.Məmmədov 1998-ci ildə Azərbaycanda parladı... Azərbaycanda
"XXI əsr Azərbaycan" adlı partiyası və "Azərbaycan XXI ƏSR” adlı qəzetini
nəşr etdirib. Qarşıya qoyduğu məqsədlərinə çata bilmədiyindən bütün fəaliyyətini
dayandırdı və Azərbaycanı tərk etdi. Partiya və qəzetində çalışdığı bəzi
insanların iki aylıq maaşını belə vermədi...
O, "Frenk Fondu” xeyriyyə təşkilatı yaratdı. Kasıb, aztəminatlı
ailələrə, veteranlara xidmət göstərib. Özü də Rusiyanın böyük şəhərlərində, hətta
Ukrayna və Belorusiyada, Efiopiya və Kubada isə filialları vardı.
2001-ci ildə həbs edildi, narkotik üstündə... İki ildən sonra
ona qarşı irəli sürülən ittihamlar həqiqəti əks etdirmədiyindən azad edildi.
Rusiyada yaşayan postsovet sahibkarlarının hamisi rolunda
çıxış edən Yuri Lujkovun vəzifədən gedişi bir çox biznesmenlər, o cümlədən F.Məmmədov
üçün arzuolunmaz nəticələrə gətirib çıxarır. 2014-cü ildə Moskvadakı biznesini
Avropaya köçürən F.Məmmədovun bu addımının səbəbi kimi Moskva meri olan Lujkovun
vəzifədən getməsi göstərilirdi.
Belə ki, Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri
olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Onun
obyektləri Moskva vergi departamenti tərəfindən davamlı yoxlamalara məruz
qalıb, Moskvanın "Reçnoy vokzal" metrostansiyası yaxınlığındakı ticarət
mərkəzi də buna görə günlərlə bağlı qalırmış. Onun Palermoda da ticarət obyektlərinin
olduğu bildirilir.
İtaliyada biznes fəaliyyətini davam etdirən Fizuli Məmmədovun
hazırda Rusiyada da müəyyən biznes əlaqələrinə malik olduğu deyilir.
Amma F.Məmmədov əvvəlki gücdə deyil. Onun Rusiyanın
banklarına borcu olduğu da bildirilir. Belə bir şəraitdə onun Azərbaycana gəlib
xeyriyyəçiliklə məşqul olmasının arxasında hansı məqamlar dayanır?
Düzdür, hər bir imkanlı azərbaycanlının xeyriyyəçilik
missiyasını yerinə yetirməsi təqdirəlayiq və alqışlanmalı bir haldır. Amma
siyasət və disapora quruculuğunda daha iştirak etməyəcəyini deyən F.Məmmədovun
90-cı illərin sonlarından sonra yenidən Azərbaycanda peyda olması…
Onun özü yerli saytlara verdiyi müsahibələrin birində deyib
ki, 2007-ci ildən bu yana işlərinin çoxluqundan Azərbaycana gələ bilmir. Yəni 5
ildir ki, doğma vətəninə gəlmir.
Onu da xatırladaq ki, bir ara F.Məmmədov Almaniyada yaşayan soydaşımız,
adı məlum qalmaqallarda hallanan Rəşad Xasayoğlunun təşəbbüsü və təklifiylə
Dünya Azərbaycanlıları Assambleyasını yaradacaqdı. Lakin sonradan iki
soydaşımızın yolları ayrıldı.
F.Məmmədov Azərbaycan mediasında Cocuq Mərcanlıya kömək məqsədilə
3 milyon manat vədi ilə gündəmə gəldi. Düzdür, bundan qabaq da ara-sıra
saytlarımız ondan açıqlama və müsahibələr götürürdülər. Amma onun ulduzu bu vədlə
parladı.
Prezident İlham Əliyevin 27 yanvar tarixində imzaladığı, erməni
silahlı qüvvələrinin işğalından zərər çəkmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinin bərpası haqqında sərəncamına dəstək olara F.Məmmədov Cocuq Mərcanlının
bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib.
Sitat: "Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək
olaraq "Dünya Azərbaycanlıları İttifaqı" azad olunmuş Azərbaycan ərazilərinə
sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. "Dünya Azərbaycanlıları
İttifaqı”, başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş
torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və
bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə prezidentimizə və
hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq...”
Amma bu vəsaitin hara, hansı hesaba köşürüldüyü ilə bağlı bir
məlumata belə rast gəlinmədi.
Yerli mətbuatımız yazdı: "Amma bir vaxtlar Frenk El Kapone
kimi tanınan iş adamının vədləri elə boş vəd olaraq qaldı. Cocuq Mərcanlıda
tikinti və yenidənqurma işlərinin sona çatmasına baxmayaraq, Fizuli Məmmədovdan
hələ də səs çıxmayıb. Çoxları bunu bir vaxtlar siyasətdə qonaq olan iş adamının
"xal qazanmaq” məqsədi güddüyünü bildirir ..”
Amma F.Məmmədovun öz vəsaitilə 2015-cı ildə xüsusi hərbi
tapşırığı yerinə yetirərəkən böyük qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbə vuran
Natiq Mehtiyevə Bakı şəhərində, Ülfət Həsənova isə Sumqayıt şəhərində ev alması
xəbəri yerli mediada işıqlandırıldı. Bu da ona növbəti dvident gətirdi.
Maraqlıdır, uzun illərdən sonra yenidən onun Azərbaycana gəlib
belə xeyriyyəçilik missiyası ilə məşğul olması, özü də prezident seçkisi öncəsi,
kimin planıdır?
Çox güman ki, bu məsələdə hansısa dövlət qrumunun əli var.
Yaxşı bir missiyadır, davamlı olarsa. Amma inanmaq çətindir ki, bu missiyanın
arxasında şəxsi maraqlardansa, dövlət maraqları dayansın.
F.Məmmədov öz təşəbbüsü ilə bura gəlməyib, onu Azərbaycana gətirən
qüvvə var, gəlişi razılaşdırılıb. Daha doğrusu, Məmmədov hansısa qüvvə
qarşısında öhdəlik götürüb. Xeyriyyəçilik missiyası əvəzinə, Azərbaycanda
hansısa şəxsi maraqlarının təmin olunmasına şərait yaratmaq... Çox güman ki, bu
baş tutmayacaq. Çünki, arıtq 90-cı illərin nə əvvəlidir, nə də sonu. Ehtimal
var ki, o qüvvə də öz istəyinə nail olandan sonra F.Məmmədovla əlaqəsini kəsəcək.
F.Məmmədov yenidən aldanacaq.
Bir məqama da diqqət çəkək. F.Məmmədov yerli mətbuata verdiyi
müsahibələrinin birində xaricdə yaşayan azərbaycanlılarla işi düzgün təşkil edə
bilmədiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsini də sərt tənqid edib:
"Rusiyada Azərbaycan diasporunun ilk qurucularından olan bir insan kimi, demək
istəyirəm ki, bu komitə Azərbaycan diasporu üçün heç bir yaxşı iş görməyib. O,
Azərbaycan xalqının maraqlarına xidmət etməlidir. Buna baxmayaraq, bu Dövlət
Komitəsi diasporumuz üçün bağlıdır və biz onun nə işlə məşğul olduğunu aydın şəkildə
bilmirik. Hər bir halda o, birləşdirici funksiyalarını yerinə yetirmir. Onun rəhbərliyi
öz kreslolarında o qədər uzun müddət oturublar ki, onlar hətta öz başlıca vəzifələrini
də unudublar. Komitəyə büdcədən çox böyük maliyyə vəsaiti ayrılır, lakin fəaliyyətinin
heç bir müsbət nəticəsi yoxdur. Qeyri-effektiv fəaliyyətinə görə Diasporla İş
üzrə Dövlət Komitəsinə bu qədər iri büdcə ayırmaları lazım deyil, çünki öz fəaliyyəti
ilə o, Azərbaycan hökumətini hörmətdən salır”.
"Unutmaq lazım deyil ki, Diasporla İş üzrə Dövlət Komitəsini
Azərbaycanın ümummilli Lideri Heydər Əliyev yaradıb. O, diasporu "millətin
qanadları” adlandırıb. Təəssüflər olsun ki, Komitə fəaliyyətində yüksək
effektivliyini və nüfuzunu saxlaya bilmədi, biz onun Rusiyada Azərbaycan
diasporunun möhkəmlənməsi və inkişafına yönəlmiş fəaliyyətini ümumiyyətlə
görmürük”.
Amma o da məlumdur ki, diaspor rəhbərinin belə bir xeyriyyəçilik
missiyasından və yaxud da onu həyata keçirmə prosesində, planından Diaspor
Komitəsinin sədri Nazim İbrahimovun əvvəlcədən xəbəri olmasın. Görünür, F.Məmmədovla
N.İbrahimov arasında bu kimi məsələlərdə isti münasibətlər yaranıb...
F.Məmmədovun adının əvvəllər hansı məqamlarda, kimlərlə
hallanması artıq geridə qalıb. Amma bu gün onun xeyriyyəçilik missiyasının
arxasında həqiqətən də dövlətinə, millətinə, xalqına dayaq, sədaqət, səmimiyyət
durursa, bunu yalnız alqışlamaq və ona bu işdə kömək etmək borcumuzdur. Yox,
hansısa məmurun müəmmalı və qaranlıq sifarişi yerinə yetirilirsə, bu missiyadan
şəxsi maraqlar üçün istifadə edilirsə...
Ümid edək ki, F.Məmmədov bir daha Azərbaycanda tora
salınmasın və 90-cı illərin sonlarında olduğu kimi Azərbaycandan aldanıb getməsin... /avrasiya.net
İCMAL.az