ADTGT erkən nikahlarla bağlı son tədbirini Salyanda keçirdi

OXUNUB: 1234 QHT

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Erkən nikahlarlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinin icrasına başlamışdır. Maarifləndirmə, sosial aksiya və PR fəaliyyətləri ilə həyata keçiriləcək layihə Ucar, Bərdə, Şamaxı və Salyan rayonlarını əhatə edir.

 

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına "YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

 

Sonuncu regional maarifləndirici seminar 30 nəfər təhsil, səhiyyə, gənclər-idman, ədliyyə, hüquq-mühafizə orqanları, ailə, ağsaqqal və din institutu üzvlərinin, KİV, digər qurum və ictimai fəalların iştirakı fəal gənclərin və aidiyyətli qurumların təmsilçilərinin iştirakı ilə Salyan rayonunda keçirildi. Seminarın rəsmi açılışına ADTGT sədri Asif Əsgərli, rayon Gənclər və İdman idarəsinin rəisi Araz Hüseynov, Salyan rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgə şöbəsinin məsul əməkdaşları və digər qonaqlar qatıldılar.

 

Seminarı açıq elan edən Salyan rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini Aqşin Babayev və rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov belə maarifləndirici layihənin icrasına görə ADTGT-yə və AR Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirdilər və tədbirin əhəmiyyətini və rayon gənclərinin maariflənməsinə müsbət təsirini qeyd etdilər. Sonra təşkilatın sədri Asif Əsgərli çıxış edərək, layihənin məqsədi, fəaliyyət istiqamətləri və region gənclərinə yönələcək maarifləndirici təsirini vurğuladı və bu işin davamlılığını qeyd etdi.

 

Rəsmi şəxslər və qonaqlar çıxış edərək, tədbirin müsbət əhəmiyyətini və maarifləndirici rolunu qeyd etdilər. Tədbir iştirakçılarının interaktiv müzakirələri və maariflənmələri ilə davam etdi. Layihənin təlimçi-ekspertləri Gülnarə Bağırova və Dadaş Əhmədli zəngin bilgilərlə region gənclərini ətraflı məlumatlandırdı, çap olunan kitabça və sorğu anketi haqda informasiya verdi. Geniş ictimai müzakirə və fikir mübadilələri ilə davam edən seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

 

3 (üç) ay davam edəcək layihə fəaliyyətlərinə regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid ictimai monitorinq və sosioloji sorğuların aparılması, sosial şəbəkələrdə, KİV və sosial mediada xüsusi PR kampaniyalarının aparılması, virtual ictimai debatların təşkili və zəngin bilgi və hüquqi informasiyaların əks olacağı kitabın nəşri və yayıımı da daxildir.

RƏYLƏR