Azay Quliyev: “Andermatt Bəyannaməsi İpək Yoluna Dəstək Qrupunun fəaliyyətini daha da genişləndirməyə yardım edəcək”.

OXUNUB: 22 SİYASƏT
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev Qrupun İsveçrənin Andermatt şəhərində keçirilən III Beynəlxalq Konfransının yekun plenar iclasında çıxış edib.



Azay Quliyev bildirib ki, konfransda ötən 3 gün ərzində ATƏT məkanında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ortaya çıxan məsələlərin geniş spektri, davamlı infrastrukturun dəstəklənməsi, risklərin azaldılması, şəffaflıq, yaxşı idarəetmə prinsipləri və gələcək nəsillər üçün daha yaxşı bir həyatın təmin edilməsinə dair ətraflı müzakirələr aparılıb. A.Quliyev deyib ki, Bakı və Minsk Bəyannamələrinin ruhunu davam etdirən Andermatt Bəyannaməsinin qəbul edilməsi Qrupun fəaliyyətinə Davamlı İnkişaf Məqsədləri və onların təşviqi ilə bağlı yeni çalarlar da qatır: 

"Əminəm ki, bu Bəyannamə Qrupumuzun fəaliyyətini daha da genişləndirməyə və onun parlament nəzarəti və iştirakçılığının inkişafı prosesində effektiv bir vasitə kimi rolunu təkmilləşdirməyə yardım edəcək. Məlum olduğu kimi, Qrupumuz mövcud əməkdaşlıq əlaqələrinin səviyyəsini artırmaq, daha da çox fayda gətirmək və insanların rifahına töhfə vermək üçün mümkün yolların müzakirəsinə dəstək verən əla bir fürsət olduğunu sübut edən hərtərəfli hökumət-parlament-özəl sektor dialoqu üçün zəmin yaradır.

Çox şadam ki, çoxmillətli platformamızın bu konfransı zamanı nümayəndə heyətləri onları narahat edən məsələlər üzrə açıq dialoq keçirdilər, eləcə də dövlətlərarası əməkdaşlığın genişləndirilməsinin mümkün yolları və logistika və nəqliyyatda mövcud prosedurların asanlaşdırılması tədbirləri ətraflı müzakirə olundu”.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, bütün bunlar göstərir ki, İpək Yoluna Dəstək Qrupu açıq və bərabər dialoq, qarşılıqlı etimad və bütün tərəflərə qarşılıqlı fayda gətirən əməkdaşlıq ideyasını təbliğ edərək ATƏT məkanında beynəlxalq əməkdaşlığın parlament ölçüsünə mühüm töhfə verir.
İpək Yoluna Dəstək Qrupunun III Beynəlxalq Konfransında qəbul edilən Andermatt Bəyannaməsində deyilir:

1) İnfrastrukturun və qarşılıqlı əlaqəliliyin təkmilləşdirilməsi, enerji ehtiyaclarının ödənilməsi və rəqəmsal transformasiyanın idarə olunmasının dövrümüzün əsas prioritetləri olduğu qəbul edilir;
2) Norma və qaydalara əsaslanan beynəlxalq nizamın üstünlüyünə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq insan hüquqları müqavilələrinə, Minilliyin Bəyannaməsinə və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi üzv ölkələrin sadiq olması ifadə edilir, eləcə də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrası üçün beynəlxalq tərəfdaşlığın qurulmasının vacibliyi və parlamentarilərin davamlı inkişafın təmin edilməsilə əlaqədar proseslərə fəal cəlb edilməsinin əhəmiyyəti vurğulanır;
3) ATƏT PA-nın və 1975-ci il Helsinki Yekun Aktının məqsəd və prinsiplərinə sadiqliq vurğulanır;
4) "Biz ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun işinin parlament nəzarəti, iştirakçılığı və dialoq üçün uyğun platforma kimi fəaliyyətinin səmərəliliyini bir daha təsdiqləyirik”;
5) "Bir Kəmər – Bir Yol” layihəsini, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən, davamlılıq prinsiplərinə, insan və ətraf mühit aspektlərinə əsaslanan bütün təşəbbüs və layihələr alqışlanır;
6) "Şərq-Qərb və Şimal-Cənub oxları boyunca səmərəli və təhlükəsiz multimodal nəqliyyat dəhlizlərinin inkişafını dəstəkləyirik”;
7) Ədalət, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları, gender bərabərliyi və qadınların rolunun artırılması, sülh, yüksək sosial və əmək standartları, davamlılıq və insanların iştirakçılığı təşviq edilir;
8) "İnanırıq ki, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı və digər çoxtərəfli platformalar vasitəsilə dünya xalqları sülh, təhlükəsizlik, sosial tərəqqi və maneəsiz həyatın daha yaxşı standartlarına dair ümumi bir görüş formalaşdırırlar. Bu ümumi görüş, həm də "Bir Kəmər – Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın da əsasını təşkil etməlidir”. Risklərin vaxtında aradan qaldırılması barədə fikir qeyd edilir;
9) Yaxşı təşkil edilmiş parlament nəzarətinin davamlı, inklyuziv və effektiv infrastrukturun təminatı və hesabatlılığın artırılması üçün açar olması barədə fikir haqqında razılıq əldə edilir;
10) "Biz korrupsiya və rüşvətxorluğun hər cür formasına qarşı mübarizə aparmaq üçün birlikdə çalışırıq”;
11) "İnfrastrukturun beynəlxalq standartlara, təcrübə və normalara uyğun olaraq planlaşdırılmalı, inkişaf etdirilməli, qurulmalı və həyata keçirilməli olduğunu qəbul edirik. İqtisadi dayanıqlılıq, eləcə də sosial və ətraf mühit sahələrində davamlı artım qarşılıqlı fayda, inklüzivlik prinsiplərinə əsaslanaraq şəffaf və ayrıseçkiliksiz formada həyata keçirilməlidir. Ölkələrin milli inkişafı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin missiyasına uyğun olmalıdır”;
12) Biz sabit və ədalətli beynəlxalq maliyyə sisteminin təbliğinin, habelə maliyyə bazarları arasında açıqlıq və əlaqəliliyin olmasının vacibliyini qəbul edirik;
13) "Biz daha çox iş yeri yaradan və daha çox səmərəliliyin möhkəmlənməsinə dəstək verən sahələrdə dövlət-özəl sektor tərəfdaşlığını təşviq edir və beynəlxalq maliyyə institutlarını infrastrukturun inkişafı üçün dəstəyi və investisiyaları artırmağa dəvət edirik;
14) "Biz ətraf mühitin qorunması, biomüxtəliflik və təbii sərvətlərin müdafiəsi, iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması, davamlılıq və fəlakət risklərinin azaldılması və idarə edilməsinin təşviqi, bərpa olunan enerji, eləcə də enerji səmərəliliyinin artırılması sahəsində əməkdaşlığı artırırıq”.
 

 
İcmal.Az

RƏYLƏR