Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" bu gün cavab oyununa çıxacaq.
İcmal.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu səfərdə "Kopenhagen"lə qarşılaşacaq.
Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu hesab cavab oyunu öncəsi "Qarabağ"ın Azərbaycan futbol tarixinə Çempionlar Liqasının qrup mərhələsindəki ilk komanda kimi düşmək şansını artırır. Belə ki, səfərdə istənilən hesablı heç-heçə, hətta minimal fərqli, amma qollu məğlubiyyət də təmsilçimizin lehinə olacaq.
Ağdam klubu Danimarkaya yüksək əhval-ruhiyyə ilə yollanıb. "Qarabağ" 19 il öncə 0:6 hesabı ilə uduzduğu Kopenhagendə tarix yazmağa köklənib.
Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında isə 60-cı sınağı olacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
23 avqust
22:45. "Kopenhagen” (Danimarka) - "Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Mallenko
Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. "Tella Parken” stadionu
İlk oyun – 0:1
İcmal.Az