“Zəfər” futbol turnirinə yekun vurulub

OXUNUB: 2435 Özəl İDMAN
"Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, Anım Günü və şanlı qələbəmizin üçüncü ildönümünə həsr olunmuş "Zəfər” futbol turniri başa çatıb.
Oktyabrın 22-də start verilmiş turnirdə Kənd Təsərrüfatı Nazirliyi, Nazirliyin tabeli qurumlarının, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət ümumilikdə 24 komanda iştirak edib.
Komandalar püşkatma nəticəsində hər qrupda 4 komanda olmaqla 6 qrupda mübarizə aparıb. Qrup daxilində keçirilmiş oyunlar nəticəsində ilk iki yeri tutmuş komandalar ¼ final mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimləri tərəfindən idarə edilib.
Noyabrın 7-də keçirilən final görüşündə "Grand Agro” MMC və "Səba” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda "Grand Agro” MMC komandası qalib gəlib. "Səba” komandası ikinci, ATT komandası üçüncü yerə yiyələnib. Qalib komandalara Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fuad Məmmədov tərəfindən fəxri fərmanlar, kubok və medallar təqdim olunub.   
Zəfər turnirinin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin təbliği, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də kollektivlər arasında dostluq əlaqələrinin gücləndirilməsi, işçilərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinin təmin olunmasıdır.
 
 






 

RƏYLƏR