“İmkan verin ki, o saf balalar saç daramağın, hörük hörməyin zövqünü yaşasınlar...”

OXUNUB: 0 GÜNDƏM SOSİAL

Çox dəyərli həmvətənlər! Əziz bacı və qardaşlar!

Son günlər vahid məktəbli forması ətrafında gedən müzakirələri, eləcə də məlum qüvvələrin mövzunu kontekstdən çıxarmaq cəhdlərini nəzərə alaraq məsələ ilə bağlı bəzi fikirlərimi və şəxsi qənaətlərimi sizlərlə bölüşmək istəyirəm.

Əvvəla, məktəbli forması - təhsilin, xüsusən də dünyəvi ölkələrdə dünyəvi təhsilin bir (görsəl) emblemidir, simasıdır, güzgüsüdür. Və eyniadlı səbəbdən də məlum ideyanı, icraatı əsla və əsla dini baxışların, hicabın hədəfə alınması kimi qələmə vermək, yozmaq, qiymətləndirmək olmaz. Yəni vahid məktəbli forması fəlsəfəsi, adından da göründüyü kimi sadəcə vahidliyin, sosial bərabərliyin, inklüziv mühitin yaradılmasının təşviqçisidir və vahid qaydalar çərçivəsindən kənarda qalan bütün digər elementlərə (açıq - saçıq paltarlara, rəngli saça, xüsusi bər - bəzəyə, aksessuarlara və s) də öz qadağasını tətbiq edir.

İkincisi... Vahid məktəbli forması - "məktəbli kimliyi”, "kollektivə aidlik”, "məsuliyyət” hissinin formalaşmasında, şagirdin təhsil aldığı mühitə adaptasiyasında son dərəcə müstəsna rol oynayır. Və bu, sırf psixoloji amildir.

Örnək verim: siz heç görmüsünüzmü ki, idman zalına kimsə klassik kostyumda, ya da çimərlik paltarında girsin? Xeyr. Səbəb?! Səbəb - artıq oturuşmuş olan fikirdir. Səbəb - buradakı insanların başqa cür rahatlıq tapmamasıdır. Səbəb - o mühitə, oradakı kollektivə, ümumi distiplinə qoyulan hörmətdir. Səbəb - həmin an idmançı kimliyini, (məkana uyğun) öz status funksionallığını, lap sadə dildə desək: bura nə üçün gəldiyini dərk etməkdir!    

Üçüncüsü... Əmin olun ki, vahid məktəbli formasının tətbiqi şagirdlər arasındakı sosial - iqtisadi fərqin qarşısını ciddi şəkildə alacaq və ayrı - seçkilik riskini minimuma endirəcək.

Bəli. Paralel fonda ortalığa növbəti arqument (və ya sual) də dövr edə bilər: İqtisadi komponent bir tək məktəblə yekunlaşmır axı. Məktəbdən kənarda da həyat var. Cavab belədir: İqtisadi (maddi) mövzu məktəblə yekunlaşmasa da, həmin təfəkkürün formalaşması məhz məktəbdən başlayır. Və ya; məktəbdə öz maddi durumunu üstünlüyə çevirə bilməyən şagird məktəbdən kənarda da belə davranır. Niyə?! Çünki təməl düz qoyulur. Çünki uşaqlıqdan onlara kimsəni incitməmək, kimsə ilə bəhsə - bəhs girməmək, kimsəni kompleksə salmamaq aşılanır. Çünki həmin şagird həyatının əhəmiyyətli hissəsini məktəbdə keçirdiyi üçün məktəbdən sonrakı müddətdə də onun yanlış, qeyri - məqbul, neqativ təbliğatlara məruz qalma ehtimalı azalır. Çünki get - gedə, mərhələ - mərhələ nəyin düzgün, nəyin lazımlı, nəyin faydalı olduğu anlaşılır və dərk edilir...

Nəhayət: Dördüncüsü... Geyim kodeksi - həm də daxili nizam - intizam deməkdir, illər boyunca sınaqdan keçmiş mexanizmdir və təhsildə keyfiyyəti şərtləndirən əsas kriteriyalardan, elementlərdən biridir. 

***

Geyimdən bəhs edərkən, bir anlıq öz məktəb illərimi xatırladım...Hətta dözməyib köhnə albomları çıxardım, həmin dövrün şəkillərinə baxdım: Hamı eyni formada, eyni rəngdə, eyni təbəssümdə, eyni ahəngdə....Nə gözəl mənzərədir!

Amma müasir dövrdə, bəzi məktəblərdə çəkilən şəkillərə baxırsan, adamın ürəyi ağrayır. Sanki şagirdlər təhsil yox, fərqli görünmək və davranmaq yarışına giriblər. Ya da nə bilim: brend yarışına, etiqad yarışına giriblər. Müəyyən qisim valideyn(lər) isə apardıqları ayrı - seçkilik təbliğatı ilə öz düşüncələrini körpə övladlarının tər - təmiz beyninə zorla, məcburi şəkildə (!) yeritməklə, köçürməklə,  ötürməklə fəxr edirlər...   

Dövlət bax bunun qarşısını almağa çalışır!

Dövlətin amacı, istəyi, məramı sadəcə qorumaqdır!

Dövlət yalnız və yalnız -  həyatı yenicə qavramağa başlayan vətəndaşı üçün bərabər, neytral, rahat mühit yaratmaq istəyir!

Dövlətin məqsədi kiminsə haqqına girmək, kiminsə haqqını tapdalamaq deyil! Dövlətin məqsədi - bütün dövrlər üçün təməl və sütun anlamını daşıyan, tarixən müqəddəs ocaq sayılan məktəbləri və dünyanın ən saf varlıqları olan uşaqları, məktəbliləri öz ideal obrazına, simasına qaytarmaqdır. Hər birimizin balasını, nəvəsini, əzizini, qohumunu bacara bildiyi qədər kənar təsirlərdən, yanlış təbliğatlardan, komplekslərdən, psixoloji travmalardan, maddi və sosial uçurumlardan kənar saxlamaqdır! Yolu, ünvanı aydınlatmaqdır!

Dini etiqad məsələsinə gəlincə...

Bəli. Konstitusiyamız buyurur ki, din dövlətdən ayrıdır.

Fəqət, dövlət dindən ayrı deyil axı, əzizlərim!

Dövlət dinə də, inanclı insanlara da, dini bayramlara da, rituallara da son dərəcə böyük hörmətlə, ehtiramla, diqqətlə yanaşır...

Azərbaycanda da hicab qadağan filan olunmayıb!

Məsələ sadəcə məktəb məsələsidir. Mövzu sadəcə vahid geyim mövzusudur...

Qoy uşaq böyüsün, özünüdərkin heç olmasa normal etapına çatsın və yalnız ondan sonra qərar versin ki, həmin hicabı taxmaq istəyir, ya yox...

İmkan verin ki, 7-8 yaşında olan, hələ kukla ilə oynamağın düsturunu belə yenicə öyrənən, şaxta babanın, qar qızın, cizgi filmindəki personajların varlığına inanan, üzlərindən-gözlərindən saflıq yağan balalarımız hamı kimi olmağın, hamı kimi görünməyin, hamı kimi oxumağın, hamı kimi saç daramağın, hamı kimi hörük hörməyin zövqünü yaşasınlar...

Elşən Musayev

Milli Məclisin deputatı,

Demokratik Maarifçilik Partiyasının sədri

RƏYLƏR