İdmançını döyən Ruslanla bağlı yeni FAKT - "Avropa" otelində niyə bıçaqlanıbmış? - VİDEO

OXUNUB: 4287 İDMAN
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov veteran idmançı Həsən Əzizovu döymələri ölkədə böyük əks-səda doğurub.

Neçə gündür, media və sosial şəbəkələrdə bu mövzudan bəhs olunur, hadisə və onun iştirakçıları ilə bağlı yeni detallar üzə çıxır.

Bakupost.az xəbər verir ki, idmançılara Həsən Əzizovu döymək barədə göstərişlər verən Ruslan Əfəndiyevin adı bundan əvvəl başqa bir insidentdə hallanıb.

Amma bu hadisədə o təqsirləndirilən deyil, zərərçəkən şəxs kimi qeydə alınıb.
 
 
Fotoda: "Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədov

Belə ki, 2015-ci ilin aprel ayının 21-də Bakıda "Avropa” hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri – "Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
 



 Hadisənin səbəblərinə gəlincə, Mövlud Səfərovun vəkilinin dediyinə görə, təqsirləndirilən şəxslər ifadələrində həmin gün ora ilk dəfə gəldiklərini bildiriblər: "Hərəsi 100 manat ödəniş edib məşq eləməyə başlayıblar. Sənanla Mövlud bir-biri ilə güləşərkən Ruslan Əfəndiyev bir neçə tələbəsi ilə zala girib. Sənanın ayağında "borisovka” ayaqabbısı olub. Ruslan deyib ki, tatami üzərinə o ayaqqabı ilə çıxmayın. Bunlar üzrxahlıq edib deyiblər ki, birinci dəfədir gəlmişik, bilmədik. Sonra gedib digər zalda dəmir alətlərlə məşq ediblər. Hamama gedəndə Mövlud idman zalından verilən ayaqqabı ayağında olarkən qayıdıb tataminin qırağından dəsmalı götürüb. Bu dəfə isə Ruslan ona "sən nə "ponyatkasız” adamsan, bayaq dedim axı ayaqqabı ilə keçmə” deyib. Mövlud da cavabında "zalın öz ayaqqabısı ilə də tatamiyə çıxmağın qadağan olduğunu bilmirdim”. Növbəti dəfə də təsadüfdən şkafın açarları zalda qaldığını görən Mövlud açarı götürmək üçün zala girəndə Ruslan Əfəndiyevlə yenidən üz-üzə gəlir. Üzrxahlıq edir ki, yenə bura gələcəyik, aramızda qanqaraçılıq olmasın. Ruslan Əfəndiyev "bir də belə qanacaqsızlıq eləməyin” dedikdə, Mövlud bildirib ki, "biz qanacaqsız deyilik, bizi qanacaqsız hesab edən özü qanacaqsızdır. Və nəticədə onlar dalaşmağa başlayıblar və bu hadisə baş verib”.
 

O zaman məsələ ilə bağlı açıqlama verən Ruslan Əfəndiyev isə vəkilin hadisə ilə bağlı dediklərinin çoxunun təhrif edilmiş məlumatlar olduğunu bildirib:
"Mən tələbələrimlə birlikdə (qətlə yetirilən Azər Məmmədov onlardan biri olub) zala daxil olduğumda, onlar artıq tatminin üstünə çıxmışdılar. Onlardan birinin ayağında"borisovka” ayaqabbısı, digərində isə "şəpit” var idi. Mən bunu görəndə, bir müəllim kimi onlara dedim ki, bu formada tatimi üzərinə çıxmaq olmaz. Çünki orada məşq edilir və tatimi çirklənir. Onlar mənə yaxşı deyib getdilər. İkinci dəfə balacaboy saqqallı oğlan (Sənan Quliyev-red.) yenidən əşyalarını götürmək üçün tataminin üstündən keçərək çamadanını götürdü. Mən buna ikinci dəfə başa saldım ki, bunun üzərinə ayaqqabı ilə çıxmaq olmaz. Bayaq da bu sözü ona dediyimi xatırlatdım. O da mənə cavabında "sənin mənim ponyatkama şübhən var?” deyə cavab verdi. Mən də dedim ki, uzatmayın, məşqimiz var. Çıxın gedin. Onlar da çıxıb getdilər. Biz 40 dəqiqə məşq etdik. Bu müddətdə Sənan Quliyev zalın ətrafında gəzir, bizə baxıb gedirdi. Məşqi qutardıqdan sonra məni kənara çağırıb nəsə deyəcəyini söylədi. Mən də yaxınlaşdım. Yaxınlaşan kimi mənə sual verdi ki, bəs sən polis əməkdaşısanmı? Mən də cavabında polis işçisi olmadığımı və ümumiyyətlə, bunun nə əhəmiyyət daşıdığını ondan soruşdum. Sonra yenidən söhbəti başladı. Mən də yenidən başa saldım ki, sənin ora çıxmağın düz deyil. Həm də mən sənə iki dəfə xəbərdarlıq etdim. Yenə mənə qayıtdı ki, "sənin mənim ponyatkama şübhən var?”. Mən yenə təmkinlə onu başa salmağa çalışdım. Bu zaman mənim ünvanıma təhqiramiz ifadə işlətdi. Gördüm ki, bu sözü dediyi vaxt dodaqları titrəyir. Bildim ki, mənə yumruq atacaq. O yumruğu atdığı zaman aşağı əyildim və zərbə məndən yan keçdi. Yanındakı da (Mövlud Səfərov-red.) mən əyiləndən sonra yumruq atdı. Onu da dəf etdim. Bu zaman ikisi də qaçmağa başladı.
Azər duş kabinindən çıxandan sonra hadisəni gördü. İkisinin də mənim üstümə gəldiyini görən kimi köməyə gəldi . Və Sənanı itələməyə başladı. Emin də qaçaraq yanımıza gəldi və Azərlə bir yerdə onları məndən uzaqlaşdırmağa çalışdılar. Sənan məni söyə-söyə qaçmağa başladı. Bizim uşaqlar da arxalarınca qaçdılar. Zala çatanda o mənə tərəf qaçaraq yumruq atdı. Və hər şey bir anın içində oldu. Azərin qışqırtısını eşitdim. O mənə Sənanın əlində bıçaq olduğunu qışqıraraq dedi. Bıçaqla döş qəfəsimə vurdu. Mən də ona yumruq vurdum və o zərbədən yerə yıxıldı. Digəri isə qolumdan tutmuşdu. Əgər mən onu vurmasaydım o məni dəlik-deşik edəcəkdi. Bu zaman mən tək idim. Çünki Emin bizi qorumaq üçün dəmir gətirməyə getmişdi. Azər isə orada yox idi. Divara tərəf çəkildim. Bu zaman Emin dəmirlə gəldi və onlar bunu görən kimi zaldan qaçdılar. Biz artıq içəri girdik və bu zaman Azəri gördüm. Azər mənə yaxınlaşıb "deyəsən məni ürəyimdən vurdular” dedi. Maykasını qaldırıb baxdıq. Gördüm ki, iki zərbə qoltuğunun altına dəyib. Elə bu zaman huşunu itirib yerə yıxıldı. Biz naşatr turşusu ilə onu ayıltmağa çalışdıq. Ayıltdıq da. Özünə gəlib bizə baxdı, sonra yenə huşunu itirdi. Bir də oyada bilmədik”.
Qeyd edək ki, S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (qəsdlə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.3-cü (qəsdlə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələrilə ittiham ediliblər.
2016-cı ilinin yanvar ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
 
Sözügedən insidentdən bir müddət sonra "Avropa” hotelindəki idman zalı ləğv edilib.
Onu da qeyd edək ki, MMA məşqçisi kimi çalışmazdan əvvəl Ruslan Əfəndiyev uzun illər Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətinin rəisi olub. O, hazırda həbsdə olan bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxınlığı ilə tanınıb. Bankın o vaxtkı rəhbəri tutulduqdan sonra isə Ruslan Əfəndiyev işdən çıxarılıb. Nəticədə o, aktiv idman fəaliyyətinə başlayıb.
 
 
Fotoda: Rafael Fiziyev, Ruslan Əfəndiyev və Vüqar Kərəmov Florida Miami şəhərində Sanford MMA zalında.
 


 

RƏYLƏR