Azərbaycanda 11 əcnəbi saxlanılıb

OXUNUB: 677 HADİSƏ

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı yeddi nəfər Nepal, üç nəfər Hindistan Respublikası və bir nəfər Şri-Lanka vətəndaşı saxlanılıb.

Xidmətdən İcmal.Az-a verilən xəbərə görə, araşdırma zamanı Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxsin Ukrayna vətəndaşı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil etdiyi məlum olub. 

Belə ki, üç nəfər Hindistan və bir nəfər Şri-Lanka vətəndaşının Avropaya getmək məqsədilə Deepaka müraciət etdiyi və onun həmin şəxslərin Azərbaycana göndərilməsini təşkil etdiyi aşkarlanıb. 

Deepakın respublikamızda əcnəbilərə müvəqqəti yaşama icazəsi alınması üçün Vladislav Kobil ilə əlaqəyə girdiyi və sonradan onları Avropa ölkələrinə göndəriləcəkləri vədi ilə aldadaraq külli miqdarda vəsaitlərini mənimsədiyi məlum olub. 

Eyni zamanda, Deepakın yeddi nəfər Nepal vətəndaşını da Azərbaycanda işlə təmin ediləcəkləri vədi ilə aldadaraq külli miqdarda ödəniş qarşılığında Azərbaycana göndərdiyi müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində əcnəbilərin Azərbaycana gətirilərək qanunsuz miqranta çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

İcmal.Az

RƏYLƏR