Bayram yarmarkalarında qozun qiyməti “əl yandırır” – REPORTAJ

OXUNUB: 2034 İQTİSADİYYAT

Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları fəliyyətə başlayıb. 

İcmal.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin məlumatına görə, yarmarkalar paytaxtın 10 nöqtəsində fəaliyyət göstərəcək.

Metrostansiyaların çıxışlarında quraşdırılan yarmarkalardakı qiymətlərlə maraqlandıq. Aşağıdakı mənzərə ortaya çıxdı. 

Hazırda yarmarkalarda qərzəkli Balakən qozunun 1 kiloqramının qiyməti 7 manat, Ordubad qozu 15 manat təşkil edir. Qərzəkli fındıq isə 6-8 manatdan təklif olunur.

Qərzəkli badam 10, Qəbələ şabalıdı 11, Zaqatala şabalıdı 10, fıstıq 10 manatdır. 

Xatırladaq ki, ötən il qərzəkli qozun 1 kiloqramının qiyməti 8 manatdan başlayaraq 10 manata qədər təşkil edirdi. Qərzəkli fındıq isə 8 manat idi. 

Ləpəyə gəlincə, məhsulun yetişdirildiyi bölgədən asılı olaraq dəyişir. Xaçmaz fındığı 14 manat, Qəbələ fındığı 15 manat, Zaqatala fındığı isə 18 manatdır. Qovrulmuş fındıq ləpəsi isə 17 manata təklif olunur. 

Qoz ləpəsi keyfiyyətindən, yetişdirildiyi bölgədən asılı olaraq müxtəlif qiymətlərə satılır. Ordubad qozu 24-25 manat, Qəbələ qozu 22 manat, Xaçmaz qozu 20 manat, qovrulmuş qoz 30 manatdır. 

Hind qozu 35 manat, badam ləpəsi 25-28 manat  təşkil edir. 

Müqayisə üçün bildirək ki, ötən il fındıq ləpəsinin kiloqramı 15-18 manat arasında dəyişirdi. Qovrulmuş fındıq ləpəsi 20, qoz ləpəsi isə keyfiyyətindən asılı olaraq 16-25 manata, badam ləpəsi 26 manatla təklif olunurdu. 

Quru meyvələrdən kişmişin kiloqramı 15 manat, xarici (Türkiyə) ərik qurusu 15, yerli ərik qurusu 6-10 manat, gavalı qurusu 8 manat, alça qurusu 7 manat, qara kişmiş 11 manat, xurma 6 manat, iydə 5 manat, innab 12-8 manat, fıstıq 6 manat, armud qurusu 5 manatdır.

Halbuki ötən il yarmarkalarda quru meyvələrdən kişmişin kiloqramı 7-12 manat arasında, ərik və gavalı qurusu 10 manat, alça qurusu 8 manat, qara kişmiş 11 manat, xurma 4 manat, iydə 6 manat, innab 6-8 manat, fıstıq 6 manat təşkil edirdi.

Onu da qeyd edək ki, ənənəvi bayram yarmarkaları martın 25-nə kimi açıq olacaq. Yarmarkaların təşkilində əsas məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir. Lakin araşdırmalarımız göstərdi ki, yarmarkalardakı qiymətlər marketlərin qiymətlərindən fərqlənmir. 

 

İcmal.Az

RƏYLƏR