Belarusda Azərbaycan Ticarət Evi açıldı

OXUNUB: 1238 İQTİSADİYYAT

Belarusda Azərbaycan Ticarət Evinin rəsmi açılışı çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Minskdə Belarus Nazirlər Şurası sədrinin müavini Vladimir Semaşko ilə görüşü olub.

Nazirliyin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Şahin Mustafayev Azərbaycan ilə Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər, xarici şirkətlərin, o cümlədən Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şərait barədə məlumat verilib.

Qeyd edilib ki, ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahəyə aid olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir. Bildirilib ki, Bakıda Belarus istehsalı olan ərzaq məhsullarının satıldığı dörd mağaza fəaliyyət göstərir, həmçinin Gəncə avtomobil zavodu kənd təsərrüfatı texnikasının istehsalı sahəsində Belarus müəssisələri ilə sıx əməkdaşlıq edir.
Bununla belə, İKT, turizm, ticarət əlaqələrinin genişləndirilməsi, əczaçılıq və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin təşkili, Belarus şirkətlərinin Azərbaycanda yaradılmış sənaye zonalarında və aqroparklarda iştirakı, maşınqayırma sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
İqtisadiyyat naziri Belarusda Azərbaycan Ticarət Evinin açılmasının ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-Belarus ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsi, ixracın, o cümlədən tütün ixracının artırılması, Belarusa ixrac olunan spirtli içkilər üçün lisenziya tələbində güzəşt edilməsi, Azərbaycan investisiyalı logistika mərkəzinin ərazisində gömrük məntəqəsinin yaradılması və s. məsələlər müzakirə olunub.

İcmal.Az

RƏYLƏR