Beynəlxalq fırıldaqçının çarəsiz qoyduğu ananın FƏRYADI - "Kiminsə kefi belə istəyir..."

OXUNUB: 1680 GÜNDƏM SOSİAL
"Pul yumaq” üzrə beynəlxalq fırıldaqçı Moldovada yaşayan və biznesini idarə edən Almari Vael Süleymanın övladının anası Yekaterina Xasan Yenicag.az-a öz həyat tarixçəsini danışaraq çarəsizliyini dilə gətirib.

"Bir ananın çarəsizlik fəryad”

Ön söz

Belə bir məşhur deyim var: "Evin sözünü çölə çıxarmazlar”. Amma insanın həm özünü, həm də ailəsini riyakarlardan və yalançılardan qorumaq üçün fəğan etmək, səsini ucaltmaq, "təbillərə vurmaq” məcburiyyətində qaldığı indiki dövrdə o ifadə çətin ki yenə aktual olsun.

Artıq bir müddətdir, Moldovada olduğu kimi, Azərbaycanda da mənim həyat tarixçəm aşkara çıxıb. Mən bunu uğur olaraq qiymətləndirirəm. Çünki bir insanın üzləşdiyi özbaşınalıqlar haqqında mümkün qədər çox adam bilməlidir. 6 yaşlı qızımı hər hansı məqbul səbəb olmadan məndən qanunsuz yolla ayırmaq, qoparmaq istəyirlər. Sadəcə, kiminsə kefi belə istəyir, deyə… Ona görə də mən Azərbaycanın aidiyyatı strukturlarından ictimai qaydada yardım və müdafiəmin təşkilini xahiş etməyə məcburam.

Vəziyyət artıq o həddə çatıb ki, Azərbaycanın bəzi dövlət məmurları öz şəxsi mənafelərindən çıxış edərək şantaj və təhdid vasitəsilə ailəmizə təzyiq göstərməyə çalışırlar.

Həmən bəyan etmək istəyirəm ki, həqiqət bizim tərəfimizdə olduğundan, ailəmizi qorumaq üçün qanun çərçivəsində sona qədər mübarizə apararaq susmayacaq və təslim olmayacağıq.

Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan və biznesini idarə edən Almari Vael Süleymanla tanışlıq

Biz təqribən 10 il əvvəl tanış olmuşduq və münasibətimizin ilk vaxtlarında hamilə qaldım. Onunla təxminən 1 ildən çox vətəndaş nikahında yaşadıq. Yeri gəlmişkən, bu onun Azərbaycan KİV-lərində qeyd etdiyi yeganə doğru faktdır. Birgə həyatımız qısamüddətli və unudulmaz olub. Burada "unudulmaz” sözünü o adamın sayəsində yaşadığım dəhşətləri nəzərdə tutaraq işlədirəm. Aqressiya (məsələn, evdəki mebelləri sındırırdı), mənə qarşı psixoloji basqıları, qeyri-sabit psixoloji durumu (məsələn, evə qapanır və onu narkotiklə "ilişdirəcəklərindən” qorxurdu), o cümlədən, açıq-aşkar xəyanətləri aramızda heç vaxt heç nəyin ola bilməyəcəyinə məndə şübhə yeri qoymurdu. Həmin dövrdə mətbuatda Almarinin birinci xanımının onun özünə yönəlik yol verdiyi həqarətlər barəsində yazdığı məqalələrlə qarşılaşdım. Yenə də aşkar xəyanət, qadını 2 dəfə aborta məcbur etməklə sağlamlığının pozulmasına səbəb olmaq, ən əsası, ondan qaçmaq istədikdə, başına salih dayamaq… Bütün bunlar ən qısa vaxtda ondan uzaqlaşmalı olduğumu mənə başa saldı.

Doğuşdan 2 ay sonra körpəmi də götürərək öz evimə qayıtdım.

KİV-də onu "tanınmış moldovalı biznesmen” kimi təqdim edirlər

Amma bunun belə olmadığını onun ad, soyad və atasının adından da görmək mümkündür. O, Britaniya pasportu daşıyan kürddür və Moldovada çoxdan yaşasa da, bu ölkənin vətəndaşı deyil. Ölkənin spesifikasını nəzərə alsaq, mənim nə dediyim yaxşı anlaşılar. Moldova çirkli işlərlə məşğul olanlar üçün çox münasib bir ölkədir. Moldova hakimiyyətdə korrupsionerlərin olduğu dövlətdir. Orada pulu çox olanlar hər zaman haqlıdırlar. Moldova dünyanın heç bir yerində analoqu olmayan "nağılvari yurisprudensiya” ölkəsidir. Mən bunu şişirtmədən deyirəm. Moldovada başdan-başa anarxiya və qanunsuzluq hökm sürür. Avropa və dünya birliyi orada baş verənlərdən məlumatlıdır. Avropa məhkəmə sistemində islahatların aparılması üçün Moldovaya milyardlarla avro vəsait ayırır, lakin o vəsaitlər elə başlanğıcda talan edilir və nəticədə heç bir müsbət dəyişiklik baş vermir. Nə deyəsən…

Maraqlanan hər kəs internetə daxil olub Moldovada yaşanan əcaib olaylar haqqında oxuya bilər. Mən Moldova vətəndaşı olaraq ölkənin yeni prezidenti Maya Sanduya böyük ümidlər bəsləyirəm. O, Moldovadakı siyasətçilər arasında yeganə fiqurdur ki, ölkədə tüğyan edən özbaşınalıqlar barəsində qlobal arenada açıq danışır və hakimiyyəti ələ keçirmiş korrupsionerlərə qarşı mübarizə üçün dünyadan dəstək istəyir!

Maraqlıdır, Böyük Britaniya vətəndaşı olan Almari Vael 10 ildən çoxdur, Moldovada nə edir?

Almari Vael Süleyman özünü Moldovada hədsiz dərəcədə yaxşı hiss edir. O, bütün Avropada "çirkli pulların yuyulması”, pornosənaye, qanunsuz kazino işlətmək, dələduzluq və oğurluqla məşğuldur. Özünüz baxın, o və şərikləri 2017-ci ilin oktyabrından 2018-ci ilin sentyabrına qədər Danimarka bankı vasitəsilə 550 milyon avroya qədər "pul yuyub”. Bu, mənim yox, Avropa mənbələrinin məlumatıdır. Danimarkalı jurnalistlər və Avropa üzrə 1000-dən çox zərərçəkmiş şəxsin vəkili "Almari Vael” personajı haqqında məlumat əldə etmək üçün mənimlə əlaqə saxlayırlar. Onun barəsində "Google”da bütün məlumatlar var. Ona görə də Haqqın.az-ın timsalında ələ alınmış bəzi Azərbaycan KİV-lərinin Almarini "tanınmış moldovalı biznesmen” kimi təqdim etmələri gülüncdür. Həmin adamı "tanınmış beynəlxalq cinayətkar” adlandırmaq daha doğru olardı.

O, Moldovada deputat, Demokrat Partiyasının banisi Dmitri Dyakovun qızına "ərə gedib”. Bəli, özü də qıza yox, onun atasına – "məharətli” deputata, 20 ildən çoxdur, Moldovada ən prinsipsiz və yalançı siyasətçi kimi tanınan, xalqın sözün əsl mənasında ucadan ölüm arzuladığı adama "ərə gedib”. Bəli, bu cənab Dyakov öz kürəkənini Qanundan qoruyur, dəqiq desək, onu himayə edir. Moldovada çirkli pullar, üstəgəl siyasi himayə o deməkdir ki, beynəlxalq səviyyəli cinayətkar "evindədir” və özünü balığın dənizdəki rahat vəziyyətində hiss edir.

Yeri gəlmişkən, o, hələ mən hamilə olarkən özündən xeyli böyük və birinci nikahından 15 yaşında oğlu olan (Almari onu oğulluğa götürüb) xanım Dyakova ilə münasibət qurmuşdu. Bunu niyə xüsusi qeyd etdiyimi sonra yazacağam.

Azərbaycana gələn Almari Vael iddia edir ki, guya onun uşaqla görüşməyinə mane oluram və həyat yoldaşım mənə bu işdə dəstək verir

Ondan başlayım ki, hazırda 6 yaşı olan qızım Malika anadan olandan bu günə qədər mənimlə yaşayıb. Uşağın bütün qayğısını özüm çəkmişəm, onu anamın və bacımın yardımı ilə təkbaşına, cənab Almarinin iştirakı olmadan böyütmüşəm. Cənab Almarinin rolu yalnız məhkəmənin təyin etdiyi qrafik əsasında uşaqla görüşmək olub. Başqa heç nə!

Məsələnin maliyyə tərəfinə gələk. Mən heç vaxt aliment təyin olunması üçün müraciət etməmişəm. Bir ata kimi, uşağın təminatı üçün lazım olan məbləğdə pul ayırırdı. Uşağın 1 yaşına qədər bu məbləğ ayda təqribən 250, daha sonra isə 400 manat olub. O, mətbuatda car çəkir ki, guya maddi planda uşağı da, məni də layiqincə təmin edib. Həmçinin guya mən onu pula görə şantaj etmişəm. "Tanınmış moldovalı biznesmen”dən "şantajla qopardığım” pulun açıqlanan məbləği haqda özünüz qərar verin. Sənə ayıb olsun, cənab Almari! İki ildən artıqdır, onun uşağa pul göndərib-göndərmədiyini bilmirəm. Qızımın maddi təminatı ilə həyat yoldaşım Ramil Həsən məşğul olur.
 
Atası uşaqla məhkəmənin təyin etdiyi qrafik əsasında həftədə 6 dəfə görüşüb və bununla bağlı mənə heç bir irad bildirilməyib. Mənə yönəlik bu iradlar 2018-ci ildə – Azərbaycan parlamentinin deputatı Ramil Həsənlə ailə həyatı qurmağımdan sonra ortaya çıxıb. Hətta mənimlə münasibəti kəsməsi üçün həyat yoldaşımı təhdid də ediblər. Məni isə bu münasibəti davam etdirəcəyim təqdirdə, uşağı istənilən yolla əlimdən alacaqları ilə qorxudurdular. Hərçənd o vaxt Almari artıq yeni ailə qurmuşdu və xanımının oğlunu övladlığa götürmüşdü.

Bütün kabuslar da elə o dövrdə başladı. Qızının olduğunu "xatırlayan” ata fəallaşdı və uşağın onunla birgə yaşayacağı yerin təyin olunması üçün məhkəmə iddiası qaldırdı.

Bundan sonra indiyə qədər davam edən məhkəmə araşdırması başladı

Ardınca məhkəmələr bir-birini əvəz etdi. Bu məsələ Moldova KİV-lərində geniş işıqlandırılırdı. O, uşağın atası ilə birgə yaşayacağı yerin müəyyənləşdirilməsi tələbi ilə məhkəməyə ərizə verdi. Mən və həyat yoldaşım ona uşaqla görüşməyinə mane olmayaraq məsələnin qanun çərçivəsində həll edilməsinə çalışsaq da, təəssüf ki, istədiyimiz nəticə əldə edilmədi. V.S.Almari isə öz əlaqələrindən yararlanaraq, Moldova Ali Məhkəməsi tərəfindən uşağın atasının himayəsinə verilməsinə dair qərar çıxarılmasına nail oldu. Baxmayaraq ki, bu iş üzrə məhkəmə materiallarına əlavə edilmiş psixoloji ekspertizanın hesabatında uşağın mənə, qardaşı Akselə və Ramilə çox yüksək səviyyədə psixoemosional bağlılığının olduğu göstərilmişdi.
 
 
Məhkəmə öz qərarını belə əsaslandırdı ki, ikinci övladımın dünyaya gəlişi ilə əlaqədar qızıma lazım olan qədər diqqət yetirə bilməyəcəyim üçün uşağın atasının himayəsinə verilməsi daha məqsədəuyğundur. Bu "arqument”i absurddan başqa nə iləsə adlandırmaq mümkün deyil. Bundan başqa, bacı ilə qardaşı bir-birindən ayırmaq beynəlxalq yurisprudensiyaya ziddir. Məhkəmənin başqa bir arqumenti bundan ibarət idi ki, guya mən uşağın atası ilə görüşməyinə imkan vermirəm. Lakin belə bir hal olmamışdı. O, uşaqla hər gün görüşürdü. Uşaq xəstələnəndə isə bu barədə V.S.Almariyə məlumat verirdim. O, uşağın tezliklə sağalmasını arzulasa da, mənim "qərarı pozduğumu” qeydə aldırmaq üçün evimizə məhkəmə məmurunu göndərirdi. Əgər uşaq 5 gün xəstə olurdusa, atası da sonra məhkəmədə istifadə etmək üçün məmurlara o sayda məruzə hazırlatdırırdı. Elə hallar da olub ki, uşağı bağçadan götürmək növbəsi onda olsa da, mənim götürməyimi xahiş edib, ardınca da məhkəmə məmurunu oraya apararaq "pozuntu”nu rəsmiləşdirib. Onun belə variantları çox olub.

Məhkəmə uşağın anadan olandan bəri mənimlə yaşadığını, alkoqolizmdən əziyyət çəkmədiyimi, psixiatr uçotunda qeydə alınmadığımı, qızımın böyüdülməsi üçün əlverişli sosial şərtlərə malik olduğumu, ən başlıcası, uşağın mənə bağlılığı haqda psixoloji ekspertizanın rəyini nəzərə almayıb!
 

Azərbaycana gəliş

Mən Azərbaycana – həyat yoldaşımın yanına 2020-ci ilin fevralında, qanunu pozmadan, leqal formada gəlmişəm. Bu zaman nə çaylardan keçmişəm, nə də dağlar aşmışam. Pasportumda sərhəddən keçidimi təsdiqləyən müvafiq möhürlər var. Azərbaycan vətəndaşı olan həyat yoldaşımın yanına öz övladlarımla, o cümlədən, həmçinin Azərbaycan vətəndaşı olan azyaşlı oğlumla gəlmişəm.

Atası ilə uşağın görüşü haqda

Mənim uşağın atası ilə görüşünə dair narahatlığım əsassız deyil. Axı Apellyasiya Məhkəməsi uşağın atasına verilməsi haqqında qərarından həmən sonra o, Moldovada qızımı uşaq bağçasından götürüb və mən bir də Malikanı nə görmüşəm, nə də onunla əlaqəm olub. Mən uşağımı görə bilmək üçün gecə-gündüz onun evinin qapısında qalmışam. Amma əbəs yerə! O, daha sonra uşağın mənimlə əlaqəsinin birdəfəlik kəsilməsi üçün onu Ukraynaya aparmağa cəhd edib. Lakin Allaha şükür, Moldova Ali Məhkəməsinin qərarı ilə işə xitam verildi və o, uşağı geriyə, anasının yanına qaytarmağa məcbur oldu!

Bu hal baş verəndə yaşadığım dəhşətləri indi xatırlamaq belə istəmirəm. Kim bunun bir daha təkrarlanmayacağına təminat verə bilər? Mənim analıq fəryadımın eşidilməsini istəyirəm!

Məqalənin lap əvvəlinə qayıdıram:

– Alkoqolizmdən əziyyət çəkmirəm.

– Narkoman deyiləm.

– Psixi xəstə deyiləm.

– Əxlaqsız həyat tərzi sürməmişəm və sürmürəm.

– Qızım doğulandan bu yana mənimlə yaşayıb.

– Məhkəmə ekspertizası da sübut etdi ki, qızımla mən bir-birimizə çox bağlıyıq.

Malikanın qan qardaşı var. Uşaq hüquqları haqqında beynəlxalq konvensiyalara əsasən, bacı ilə qardaşı bir-birindən ayırmaq olmaz. Hətta uşaq evlərində də bacı-qardaşları yeni ailələrinə birlikdə verirlər. Övladlarımın layiqli təminatı üçün hər bir imkanım var. Mən bütün vaxtımı uşaqlara həsr edirəm və onların tərbiyəsi, təhsili, həmçinin asudə vaxtlarını səmərəli keçirmələri ilə məşğulam. O baxımdan, adı səs-küylü beynəlxalq qalmaqallarda hallanan, bu gün burada, sabah başqa yerdə olan "ata”nın 6 yaşlı qız uşağı ilə məşğul olması imkan xaricindədir.

Uşağın bioloji atası olan cənab Almarinin hər zaman qızı ilə görüşə bilib. O, həftədə 6 dəfə qızı ilə görüşüb. Ancaq buna baxmayaraq, Moldova məhkəmələri uşağın hüquqlarına və özünü "ata” adlandıran şəxsin əvvəldən heç bir köməyi olmadan övladını böyütmüş mənim analıq hüquqlarıma qarşı çıxdılar.

Axı nəyə görə mən o həddə çatdırılmışam ki, öz qızım üzərində qəyyumluq hüququmu Azərbaycanın Konstitusiya Məhkəməsində müdafiə etməliyəm? Cavab aydındır! Övladıma və mənə ədalətli nəticəyə varmaq üçün heç bir şans verməyən Moldovanın çürümüş məhkəmə sistemi ilə mübarizə aparmışam! Mən balaca qızcığazın və onun anasının hisslərinə tüpürmək belə istəməyən korrupsionerlərlə mübarizə aparmışam. Ona görə də bu yoldayam və inanıram ki, Ali Məhkəmənin etdiyi kimi, Azərbaycanın Konstitusiya Məhkəməsi də bizi dəstəkləyəcək.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək bəyan etmək istəyirəm ki, A.V.Süleymanın bizim ailəmizə ünvanladığı iddialar həqiqətə uyğun deyil! Ona uşaq lazım deyil. Məsələ onun Eqosunun təmin edilməsidir. O, indi 6 yaşında olan və dünyaya gələndən bəri mənimlə birlikdə yaşayan, bizi öz ailəsi hesab edən qızımı məndən almaq üçün hər şeyə gedər. Almari "iri məbləğdə mükafatlandırma” qarşılığında onun hər hansı məsələsini həll etməyə şad olan dövlət məmurlarına istənilən məbləğdə pul verməyə hazırdır.

Təki onun ambisiyası təmin olunsun!

RƏYLƏR