Ərdoğan Qarabağ məsələsində Ermənistana təzyiq göstərəcək

OXUNUB: 969 SİYASƏT

Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın maraqlarını qorumasına baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan qarşıdurmasına müdaxilə olunması barədə danışarkən müəyyən ehtiyatlılıq göstərir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında məşhur rusiyalı bloqer, siyasi analitik Denis Korkodinov deyib. 

Onun sözlərinə görə, Dağlıq Qarabağda üçüncü cəbhənin açılması Ankara üçün çətin addımdır. 

"Bununla əlaqədar Ərdoğan, güman ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Ermənistana diplomatik təzyiq göstərməyə çalışacaq, ancaq Türkiyənin Azərbaycan və Ermənistan arasındakı təmas xəttindəki hərbi əməliyyatlarda iştirakını gözləmək lazım deyil”, - o qeyd edib. 

Ekspert bildirib ki, ancaq bu, Ankaranın Dağlıq Qarabağ probleminin həlli prosesindən uzaqlaşması demək deyil. 

"Ən azından, Türkiyə Cənubi Qafqazda strateji cəhətdən mühüm layihələrin reallaşmasında maraqlıdır ki, bu da Ankaranın Dağlıq Qarabağ problemindən uzaqda qalmasına imkan vermir. 

İlk növbədə, Bakı, Tbilisi və Qars arasındakı dəmir yolu xətti Türkiyənin maraqlarına cavab verib. Bu layihə Cənubi Qafqazla Avropa arasında Türkiyədən keçməklə vahid dəmir yolu şəbəkəsinin yaradılmasına xidmət edir”, - müsahib əlavə edib. 

O əmindir ki, Ankaranın Avropa Birliyi ilə əlaqələrin qurulmasına xüsusi maraq göstərdiyini nəzərə alsaq, bu dəmir yolu şəbəkəsinin Ərdoğanın xarici siyasətində vacib mərhələ olduğunu deyə bilərik. 

"Türkiyənin Dağlıq Qarabağ məsələsinə olan marağı Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi qaz marşrutlarının fasiləsiz işinin təmin edilməsi zərurətini yaradıb. 

Bu marşrutların qorunmasının strateji əhəmiyyəti hazırkı mərhələdə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hərbi müdaxilə etməsinə imkan vermir”, - Korkodinov hesab edir. 

Analitikin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi vəziyyətində Ankara hərbi əməliyyatarda birbaşa iştirakın mümkünsüzlüyünə baxmayaraq, Ermənistanla sərhəddə, həmçinin Naxçıvan Muxtar Respublikasında hərbi varlığını artıra bilər. 

"Bu, Ermənistanın cəbhə xəttində fəaliyyətinin neytrallaşmasına və güc balansının təmin olunmasına imkan verəcək. Ən azından, Türkiyə amili regional gərginliyin neytrallaşdırılması üçün əhəmiyyətli olacaq”, - müsahib bildirib. 

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdədir. Bu, Ərdoğanın 24 iyulda keçirilən prezident seçkilərində qalibiyyətindən və andiçməsindən sonra ilk səfəridir.

İcmal.Az

RƏYLƏR