Gürcüstandakı seçkilərdə milli qüvvələrin qələbəsi Qərbin və Avropanın fiaskosu idi - RƏY

OXUNUB: 623 SİYASƏT
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri onu deməyə əsas verir ki, artıq xalqlar və millətlər haranınsa agentlərinə, missionerlərə, köləlik siyasətini təbliğ edənlərə deyil, məhz milli maraqlara xidmət edən insanlara, siyasi qüvvələrə səs verirlər, etimad göstərirlər. Niyə? Çünki hər kəs ayıqdır. Çünki həmin xalqlar və millətlər dolğun siyasi təfəkkürə sahibdir. Çünki vətəndaşlar anlayırlar ki, xüsusən də Qərb və Avropa təfəkkürünün mahiyyəti heç də xoş deyil, tam əksi: boş mərama köklənib. Çünki hamıya aydındır ki, məkrli qüvvələrin məqsədi sadəcə öz maraqlarını güdmək, diktə etmək, sülhü əngəlləmək və sabitliyi pozmaqdır.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

"Çox sevindirici haldır ki, Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgələrdə milli qüvvələr qalib gəlib. Yəni bizim soydaşlarımız da parlament seçkilərində düzgün, məntiqli və müdrik qərar veriblər.

Əlbəttə, Qərbin burada xüsusi və strateji məqsədləri vardı və əgər onlar Gürcüstanda öz məqsədinə nail olsaydılar, paralel fonda bölgə üçün digər böyük problemlər yaratmaq həvəsinə də düşəcəkdilər. Amma gürcü xalqı buna imkan vermədi. Gürcü xalqı sözün həqiqi mənasında özünü qorumağı bacardı və həmin yaramaz, xain, naqis qüvvələrə ciddi bir dərs verdi.

Hesab edirəm ki, bundan sonrakı proseslərdə bütün dövlətlər, xalqlar eynən Azərbaycan və Gürcüstan kimi davransa, yəni öz müstəqilliyini və suverenliyini kənar təhdidlərdən ləyaqətlə, mətinlikə qoruya bilsə, o zaman hazırda şahmat taxtasında at gedişi edərək, at oynatmaq istəyən qüvvələr piyadadan da zəif, gücsüz və rəzil duruma düşəcəklər.

Gürcüstandakı parlament seçkilərində milli qüvvələrin qələbə qazanması Qərbin və Avropanın növbəti fiaskosu idi və çox güman ki, xain qüvvələrin sifətinə çırpılan bu tərs şapalaq gələcəkdə də presedent şəklini alacaq və məkrli, riyakar qüvvələrın hər yerdə, hər məkanda ifşasını daha da sürətləndirəcək", - deputat bildirib.

Deputat Müşfiq Cəfərov isə qeyd edib ki, gürcü xalqı Qərbin şirin vədlərinə aldanmayaraq, asılılığı deyil, müstəqil olmağı üstün tutdu.

"Seçki prosesindən əvvəlki, siyasi mənzərə nəticələr barədə məlumat verirdi. Artıq Gürcüstan dövləti də, xalqı da milli maraqları qorumaqda israrlıdırlar. Əgər seçki nəticələri fərqli olsaydı və Qərbin himayəsi altında olan namizəd qalib gəlsəydi, bu, regionda yeni bir qarşıdurmanın başlanğıcını qoya bilərdi. Belə bir nəticə Qərbin regionu parçalamaq niyyətinə uyğun olaraq, Gürcüstanda möhkəmlənərək, regionda ikinci cəbhənin açılmasına gətirib çıxara bilərdi.

Sevindirci haldır ki, gürcü seçiciləri ənənəvi dəyərləri və sabitliyi müdafiə edərək, regionun müstəqilliyinə və birlik ruhuna sadiq qaldılar.

Azərbaycanlıların da Gürcüstanda keçirilən seçkilərdəki iştirakı və onların həlledici rolu əhəmiyyətli idi. Gürcüstanda yaşayan azərbaycanlılar nəinki seçki nəticələrinə, həm də Gürcüstanın gələcək siyasi və regional siyasətinə təsir edir. Gürcüstanda təxminən 300 min azərbaycanlı yaşayır və soydaşlarımız yüksək seçici fəallığı nümayiş etdirərək, ölkənin gələcəkdəki siyasi mənzərəsini müəyyənləşdirdilər. Soydaşlarımız ölkənin mövcud siyasi arenasında təkcə say baxımından deyil, həm də öz sosial əhatələri və təsir imkanlarına görə də xüsusi önəm daşıyırlar.

Düşünürəm ki, seçki nəticələri ölkənin sabitliyinin və ənənəvi dəyərlərin qorunmasında mühüm rol oynadı. Gürcülər ölkədə qərbpərəst siyasətə qarşı çıxaraq, Gürcüstanın sülh və sabitliyini dəstəklədilər", - o əlavə edib.

RƏYLƏR