Erməni lobbisi Azərbaycana qarşı savaşı davam etdirir

OXUNUB: 663 SİYASƏT

Bütün dünyanın başı koronavirus pandemiyasına qarışdığı bir vaxtda istər Avropada, istərsə də okeanın o tayında erməni lobbisi Azərbaycana və Türkiyəyə yönəlik planlarından bir anlıq belə əl çəkmir. Hətta Pandemiyaya görə Ermənistanda yaranmış ağır sosial-iqtisadi və epidemioloji vəziyyət erməni lobbisinin diqqətini bizdən ayıra bilmir. 

Xüsusən ABŞ-da erməni lobbisi və onların birbaşa nəzarətində olan şəxslərin fəaliyyəti tam gücü ilə davam edir. 

Bu fəaliyyəti qısa olaraq analiz etsək, görərik ki, burada əsasən 3 istiqamət sezilir.

1. Qondarma "Artsax” respublikasını Amerika ictimaiyyətinə xüsusən də siyasi dairələrinə sırımaq.

2. Azərbaycan haqqında qara PR kampaniyaları aparmaqla ölkənin imicinə zərbə vurmaq.

3. Azərbaycana müsbət və ya hətta neytral baxışları ilə seçilən Amerikalı ictimai xadim, alim və jurnalistlərə hədə qorxu gəlmək, onları şantaj etmək yolu ilə Azərbaycana olan münasibətlərini dəyişdirmək.

Yaranmış vəziyyətdə əlbəttəki, ABŞ-da yaşayan azərbaycanlıların, Azərbaycanın Amerikadakı dostlarının və sözsüz ki, bu ölkədəki diplomatik nümayəndəliklərimizin üzərinə böyük və ciddi missiya düşür. Hazırda yaranmış vəziyyətdə bu missiya iki qat vacibdir. Çünki ölkə ictimaiyyətinin diqqəti əsasən Koronavirus pandemiyası və onun fəsadları ilə mübarizəyə yönəlib. 

Təbii ki, ABŞ-da fəaliyyətə başladıqları ilk gündən, ölkəmizin diplomatik nümayəndəlikləri, Erməni diasporasının və bütövlükdə erməni lobbisinin Amerikada apardığı destruktiv fəaliyyətə və təbliğata qarşı mübarizə aparırlar. Azərbaycanın 2011 – ci ildən etibarən Amerika Birləşmiş Ştatlarında fövqaladə və səlahiyyətli səfiri olan Elin Süleymanov, diplomatik xidmətin imkan verdiyi çərçivələrdə bu mübarizənin ön sıralarında durur. Elin Süleymanov hələ səfir olmamışdan əvvəl, erməni diasporasının xüsusi çəkiyə malik olduğu Kaliforniya ştatında yerləşən Los-Anceles şəhərində Azərbaycanın konsulu kimi fəaliyyət göstərərkən, erməni diasporası və lobbisi və onların çirkin fənləri ilə yaxından tanış ola bilib, ermənilərin yaydığı dezinformasiya və qaralama kampaniyalarına qarşı effektiv əks təbliğat mexanizmini işə salmağa nail olub. 

İndiki çətin zamanda biz Azərbaycana qarşı müxtəlif səviyyələrdə erməni lobbisinin hücumlarının ara vermədiyini, hətta gücləndiyini müşahidə edə bilirik. İnanmaq istəyirik ki, ABŞ-da Erməni Lobbisi ilə üz-üzə gələn başda Elin Süleymanov olmaqla Azərbaycan diplomatları və diasporası ermənilərə hər zamanki kimi layiqli cavabı verəcək. 

7News.Az

RƏYLƏR