"Ermənilərdən soruşdum ki, akkreditasiyanı kimdən almısınız"?

OXUNUB: 53 SİYASƏT

Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun illik toplantısı ən həssas siyasi toplantılardan biridir. Çünki insan hüquqları və insan indeksinin ölkələrdəki vəziyyətini analiz edir. İclasların 5 günü çox önəmlidir, ona görə ki, fikir və söz azadlığı, demokratiya, birləşmək, toplaşmaq azadlığı, jurnalistlərin təhlükəsizliyi mövzuları ətrafında müzakirə aparılır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib.

Onun sözlərinə görə, ölkələrin nümayəndələri öz hesabatlarını təqdim edir, eləcə də Avropa Birliyi dövlətləri müxtəlif ölkələrdəki araşdırmaları açıqlayır.

Vətəndaş cəmiyyətinin nümayəndəsi kimi toplantıda iştirak etdiyini deyən Günel Səfərova qeyd edib ki, çıxışında jurnalistlərin təhlükəsizlik məsələlərinə toxunub: "Sözsüz ki, Ermənistan varsa, Dağlıq Qarabağ məsələsi də gündəmə gətirməli idi. Maksimum 4 dəqiqə çıxışa icazə verilir və səsləndirilən fikrə etiraz varsa, hansısa ölkə özünün rəy vermə hüququndan istifadə edir. İngiliscə çıxış elədim, söz azadlığı haqda danışdım, mövcud problemlərə toxundum”.

Günel Səfərova çıxışı zamanı Qarabağa qanunsuz səfərlərə də diqqət yönəltdiyini söyləyib: "Dağlıq Qarabağa səfər edən Avropa Şurasının və ATƏT-in üzv ölkələrin jurnalistlərinin hansı akkreditasiya qaydasına əməl etdiklərini soruşdum. İki il öncə də bu barədə sual ünvanlamış, amma cavab almamışdım. Bilirsiniz ki, qanunvericiliyimizə və Helsinki aktına əsasən, jurnalistlər işğal altına olan Azərbaycan torpaqlarına səfər edərkən Xarici İşlər Nazirliyindən akkreditasiya əldə etməlidirlər. Qarabağ Azərbaycan ərazisi kimi tanınır və ölkəmizə keçmək üçün bizdən icazə alınmalıdır”.

Bu il ünvanlandığı suala Ermənistan tərəfindən cavab alıb-ala bilmədiyinə gəlincə, Günel Səfərova bunları dedi: "Ermənilərin cavabı bu oldu ki, onların söz azadlığı məsələsi var. Ermənistanda iki il öncə hakimiyyət təmsilçiləri başqa idi. Ermənistan hökumətinin təmsilçiləri bu toplantıya çox hazırlıqlı gəlmişdi. Çıxışımdan və ermənilərin cavabından sonra rəy vermək hüququm yox idi”.

QHT sədri vətəndaş cəmiyyəti sektorunda 2014-cü ildə qəbul olunan qanundan sonra beynəlxalq və yerli təşkilatların işləmə mexanizminin mürəkkəbliyinə də diqqət çəkdiyini qeyd edib.

O bildirib ki, beynəlxalq təşkilatın yerli QHT-lərlə qrant müqaviləsi varsa, beynəlxalq təşkilat özü Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli, hesabatını da Maliyyə Nazirliyinə göndərməlidir: "Prosedur çətin olduğundan beynəlxalq təşkilat xidməti müqavilə ilə işləyir, bu isə vətəndaş cəmiyyətinin inkişafına təkan vermir. Vətəndaş cəmiyyəti sektoru böyük maliyyə ilə işləmək təcrübəsi yığmadığına görə, irimiqyaslı layihələrdə iştirak etmək hüququndan məhrum olur”.

Azərbaycanda siyasi məhbus məsələsinin bu və ya digər şəkildə həll olunduğunu deyən Günel Səfərova vurğulayıb ki, siyahıda onun üçün də mübahisəli məqamlar var: "Bəzi insanlar var ki, dini radikal qrupun üzvü olduğuna görə tutulub, amma onu siyasi dustaq kimi qələmə verir. Mənə görə isə siyasi məhbus deyil”.

QHT sədri qeyd edib ki, əvvəlki illərlə müqayisədə hesabatlarda ölkəmiz əvvəlki illərdəki kimi qınaq obyekti deyildi: "Arzu edirəm ki, yalnız institutlar deyil, dəyərlər də inteqrasiya olunsun ki, Azərbaycanın adı hesabatlarda hallanmasın”.

İcmal.Az

RƏYLƏR