"Expressbank" səhvən müştərilərin hesabına pul köçürdü: "1 həftə ərzində..."

OXUNUB: 3095 GÜNDƏM İQTİSADİYYAT
"Expressbank"ın sistemində yaranan texniki nasazlıq səbəbindən bəzi müştərilərin kart hesabına təxminən 240 manata yaxın vəsait köçürülüb.

Qaynarinfo xəbər verir ki, bəzi müştərilər həmin məbləği xərcləyiblər. Bundan sonra bank müştərilərə xəbərdarlıq mətni göndərərək, pulun banka qaytarılmasını tələb edib. Əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi qeyd olunub.
 
Pul köçürülməsi bankın səhvi ucbatından baş veribsə, pulun qaytarılması üçün bankın müştəriyə xəbərdarlıq və ya tələb formasında məktub göndərməsi nə dərəcədə düzgündür?

"Expressbank"ın Biznes İnkişafı Departamentinin direktor müavini Lalə Talıbova  bu barədə Qaynarinfo-ya açıqlama verib. O, əlavə pul köçürmələrinin sistemdə yaranmış nasazlıq səbəbindən baş verdiyini təsdiqləyib və belə halla qarşılaşan müştərilərdən tələblərə riayət etməyi xahiş edib:

"Sistemdə yaranmış texniki nasazlıq səbəbindən müştərinin hesabına artıq pul gedib. Çoxlarımızın kartı var və hər birimiz kartımızda nə qədər vəsait olduğunu bilirik. İstənilən halda kartımıza vəsait köçürsə, ilk növbədə bunun haradan və hansı səbəbdən köçürüldüyünü araşdırmalıyıq. İndi müştəri də bankın pulunu çıxararaq, istifadə edib. Bu pul banka məxsus vəsaitdi və biz ona rəsmi məktub göndərib, xahiş etmişik ki, pulu geri qaytarsın. Müqavilələrimizdə də qeyd olunub ki, belə bir hal baş verərsə, müştəri vəsaiti geri qaytarmalıdır. Burada bizim hüquqlarımız 100 faiz qorunur. Çox xahiş edirik ki, müştəri imkan daxilində məktubun şərtlərinə riayət edərək, pulu banka geri qaytarsın".

İqtisadçı-ekspert Natiq Cəfərli isə saytımıza açıqlamasında müştərilərin bu məsələdə günahsız olduğunu və pulu qaytarmasalar belə bankın qanun müstəvisində bunu tələb etmə səlahiyyətinin olmadığını bildirib:


"Maraqlı bir fakt deyim. Bir neçə il bundan öncə ABŞ-da belə bir hadisə baş vermişdi. Bankın sistemində yaranan xəta səbəbindən yüzlərlə, minlərlə müştərinin balansına əlavə vəsait yüklənmişdi. Müştərilər də hesablardakı həmin vəsaiti nağdlaşdırma və ya başqa formada xərcləmişdilər. Bu zaman bank məhkəməyə müraciət etdi. Lakin məhkəmə burada müştərilərin heç bir günahı olmadığını əsas göstərərək, pulun vətəndaşlarda qalması barədə qərar çıxartdı. Sadəcə bir punkt əlavə edildi ki, əgər müştəri öz bankına hörmət edirsə, öz iradəsilə pulu qaytara bilər. Qaytarmasa da onun üzərinə heç bir məsuliyyət qoyulmur. Azərbaycanda kütləvi şəkildə belə halın olduğunu düşünmürəm, amma hər halda oxşar hal olubsa, burada müştərinin heç bir günahı yoxdur. Bank öz sistemini, elektron təhlükəsizliyini elə qurmalıdır ki, belə hallar baş verməsin. Baş versə belə bank müştərilərinə sadəcə müraciət edə və müxtəlif təşfiq yolları vasitəsilə vəsaitin geri qaytarılmasına çağırış edə bilər. Məsələn, müştəri vəsaiti geri qaytarsa ona hansısa faiz və ya kredit güzəştləri təklif oluna bilər. Amma buna nə məhkəmə perspektivi, nə də gələcəkdə hansısa faiz hesablama perspektivi tətbiq edilə bilməz. Əgər banklar elə bir gücə malik olsaydılar və qanun onların tərəfində olsaydı, əllərində olan sərbəst vəsaiti bilərəkdən müştərilərin hesabına keçirib, sonra onlardan daha yüksək faiz tələb edərək, pul qazana bilərdilər. Yəni, bu, məntiqə uyğun gəlmir. 
 
Dünyanın hər yerində insanların davranış qaydaları aşağı-yuxarı eynidir. Bayaq çəkdiyim ABŞ misalında da müştərilər həmin pulu dərhal çəkib istifadə etmişdilər. Yəni, insan havayı pul qazanıbsa, ya da həmin pul onların payına havayı düşübsə, ya üstünün açılmayacağını, ya da bankın səhvini anlayıb pulu geri çəkə biləcəyini düşünüb tez xərcləyir. Belə baxanda burada heç bir qanun pozuntusu yoxdur. 

RƏYLƏR