Şahin Bağırovun bir ili: Gömrükdə köhnə hamam, köhnə tas...

OXUNUB: 277 GÜNDƏM İQTİSADİYYAT
Düz bir il əvvəl, iyul ayının 18-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Dövlət Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırıldı və Şahin Bağırov DGK sədrinin I müavini təyin edildi.

Qaynarinfo Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun bu bir il ərzində gördüyü işləri və apardığı islahatları araşdırıb.

Əvvəla, qeyd edək ki, 2022-ci ilin müxtəlif aylarında hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar zamanı DGK-da generaldan ən aşağı vəzifəyə qədər əsgərlərin siqaretini satan, komitədə monopoliya yaradan, korrupsiya bataqlığına qərq olan xeyli şəxslərin olduğu müəyyən olundu.

Bu əməliyyatlar demək olar ki, hər bir Azərbaycan vətəndaşının ürəyincə idi. Çünki, illərdir bu dövlət qurumunun sözügedən vəzifəli əməkdaşları vətəndaşların səbr kasasını daşdırırdı. Sərhəddə insanların başına olmazın oyunlar gətirilir, incidilir, haqları tapdalanır və necə deyərlər,  ciblərinə girilirdi. 
 
Onu da qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək ona öz yerini göstərdi və nəticədə tarixi ədalət bərpa olundu. Bu savaşda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz şərtlərini diqtə etdi və müharibə düşmənin kapitulyasiyası ilə başa çatdı. Bununla da, Azərbaycan 30 illik həsrətə son qoydu. Birlik rəmzi olan "Dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi. 

Yuxarıdakı hadisələri xatırlamağımız əbəs deyil. Çünki hələ o zaman torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimiz üçün ayrılan siqaretləri satıb varlanan gömrük generalları üzə çıxdı. Bu cür işbazlar məhz hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində aşkarlandı. Xalq içimizdəki düşmənlərin kim olduğunu bir daha tanıdı. Bəziləri gömrük sistemindən uzaqlaşdırıldı, bir hissəsi evlərinə, digərləri zindanlara yola salındı. 

Son olaraq 16.07.2022-ci il tarixində "gömrükdə rüşvət olarsa, istefa verəcəm” deyən general-polkovnik Səfər Mehdiyevi ölkə başçısı vəzifəsindən azad etdi. İki gün sonra yerinə keçmiş gömrük vəzifəlisi general-leytenant Şahin Bağırov gətirildi. Deyilənə görə, Ş.Bağırov Səfər Mehdiyevin "islahat”larından cana gəlib, istefa verən vəzifəli şəxslərdən olub. Buna baxmayaraq, Ş.Bağırov 2014-2018-ci ildə komitənin sədr müavini vəzifəsində çalışıb. 
 
Nəhayət, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edildi, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verildi. 14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edildi. 

Ş.Bağırovun bu posta gəlişi az-çox gömrüklə işi olan vətəndaşları sevindirdi. Səbəb bir idi. Hər kəs inanırdı ki, islahat aparılacaq və gömrükdə haqsız süründürməçiliyin qarşısı alınacaq. 

Ş.Bağırov gəlişi ilə keçmiş DGK sədrləri Kəmaləddin Heydərov, Aydın Əliyev və Səfər Mehdiyevin rəhbərlik etdiyi dövrlərdə dövlət gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışmış, burada milyonlara sahib olan 10-a qədər generalı və onlarla polkovniki vəzifəsindən azad etdi. Bəziləri sərəncama götürüldü və bir çoxları haqda isə ümumiyyətlə məlumat əldə etmək mümkün olmadı.  
 
Sabiq sədrlərin dövründə qurumun aparatında yalnız 1992-cı ilin iyulundan Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, polkovnik Muxtarov Sənan Əli oğlu, 2001-ci ildən DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik Fərzəliyev Dilavər Məmməd oğlu, 2000-2006-cı illər ərzində "Gömrük xəbərləri" qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 2006-cı ilin aprelindən indiyədək DGK Mətbuat Xidməti İdarəsinin rəisi, polkovnik Axundov Natiq Sabir oğlu və digər bir neçə nəfər qalıb. Demək olar ki, DGK-nın bütün strukturlarında kadr islahatları aparılıb. 
 
Yalnız Dövlət Gömrük Komitəsinin Tibb İdarəsinin rəisi, general-mayor Ceyhun Yusif oğlu Məmmədov, Dövlət Gömrük Akademiyasının rəisi, general-mayor Qulu Novruz oğlu Novruzov Səfər Mehdiyevin dövründə sözügedən vəzifələrə gətirilib. Hələlik onlar da rəis olaraq vəzifələrini davam etdirirlər. 

Yeri gəlmişkən, Ş.Bağırov komitəyə sədr gəldikdən sonra Naxçıvan Gömrük Komitəsi də ləğv edildi, əvəzində Naxçıvan Gömrük İdarəsi yaradıldı. Orada da sabiq sədrlərin dövründən qalan xeyli sayda general və yüksək vəzifəli şəxs vəzifələrindən çıxarıldı. 

Kadr islahatları demək olar ki, bütün gömrük sistemində aparıldı. Amma sirr deyil ki, bir-birlərini təkrarlayan, lazımsız idarə statusunda olan təşkilatlar hələ də qalmaqdadır. 
Ətraflı
Ad - 00:30

Qeyd edək ki, qurum tabeliyində olan, funksiyaları bir-birini təkrarlayan idarə və xidmətlər də var. Məsələn, Baş Gömrük Mühafizə İdarəsi, Növbəçi Hissələrinin İdarəedilməsi Xidməti, İnzibati İdarəetmənin Təşkili İdarəsi, Daxili Təhlükəsizlik İdarəsinin iş prinsipləri demək olar ki, eynidir. Maraqlıdır ki, aparılan işlər çərçivəsində sabiq sədrlərin bir-birilərini təkrarlayan, vəzifəyə gətirdikləri adamları üçün yaratdıqları idarə və təşkilatlar hələ də qalmaqdır. Üstəlik, yeni rəislər də təyin edilib. O da maraqlıdr ki, təyin olunanların əksəriyyəti yenə də keçmiş və ya indi vəzifədə olan şəxslərin yaxınlarıdır. 

Lakin indiki vaxtda daha vacib olan, amma köhnə sədrlərin dövründə olduğu kimi hələ də dəyişməyən, insanları narahat edən xeyli görüləsi işlər gömrük komitəsində problem olaraq qalır. 
 
Nümunə üçün bu günlərdə tanınmış vəkil Aqil Layıcın başına gələnləri göstərmək olar. Nə qədər qəribə səslənsə də, vəkil "Trendyol” onlayn mağazalar şəbəkəsindən aldığı köynəyi Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bağışladığını açıqlayıb. Vəkil buna səbəb kimi sifariş verdiyi köynəyi 38 gün ərzində gömrük terminalında qanunsuz olaraq saxlanmasını göstərib: 

"Gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti. İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər”.

Sabiq sədrlərin dövründə olduğu kimi, hazırda da DGK Mətbuat Xidməti İdarəsinin rəisi, polkovnik Natiq Axundov Aqil Layıcın iradını təkzib edərək, onu yalan danışmaqda ittiham edib və vəkilə aid şəxsi sənədi "facebook”da yayımlayıb.
 

Öz növbəsində Aqil Layıc da yenidən komitənin rəsmi "facebook” səhifəsində qurumu ittiham edib: "Əgər gömrük isbat etsə ki, 830,35 manatdan artıq sifarişim olub və bəyan edilməmiş nəsə qalıb, üzr istəyəcəm. Əks halda, insanlara dövlət orqanı adından yalan danışanlar və 38 gün paketi gizlədən, məlumat verməyən şəxslər istefa versin. Bəyan 03.06.2023-cü ildə tam şəkildə edilib”.
Vətəndaş Heydər Misgərli həmin statusa şərhində bunları yazıb:
 
"Gömrük Komitəsi bu cür problemlərin yaşanmaması üçün şikayətləri araşdırıb, işini təkmilləşdirməlidir. Əvəzində, vətəndaşın haqsız olmasını sübut etməyə çalışırsız. Anbarda saxlanma qiymətiniz yüksəkdir və prosedur çox qəlizdir. Mənim də bir dəfə başıma gəlib. Qiyməti səhv yazdım bəyannamədə. 4-5 gün sonra anladım. Sonradan onlayn qaydada nə səhvi düzəltmək olur, nə də rüsumu ödəmək mümkündür. Mütləq getməlisən terminala. Orada da bu qapıdan o qapıya, o qapıdan bu qapıya gedirsən. 200-300 qram çəkisi olan malı almaq üçün 25 manat anbar xərci ödəyirsən və üstəlik, nə qədər vaxtın gedir”.

Bəli, demək olar ki, hər gün komitənin rəsmi səhifəsində və digər sosial şəbəkələrdə vətəndaşlar tərəfindən bu cür yüzlərlə şərhlərə və şikayətlərə rast gəlmək mümkündür. 

Təbii ki, bu cür tənqidlər komitənin nüfuzuna xələl gətirir və bu da quruma cavabdeh olan şəxsi və yaxud şəxsləri narahat etməyə bilməz.

Əvvəlki sədrlərin dövründə olduğu kimi, indi də gömrüklə ictimaiyyət arasında əlaqələndirici şəxs Natiq Axundovdur. Əgər komitə rəhbərliyi apardığı islahatlarla təmsil etdiyi qurumun cəmiyyət arasında nüfuzunun yüksəldilməsini istəyirdisə, bu işi ilk növbədə 3 sədr görən, tənqidə dözümsüz yanaşan Natiq Axundovla başlamalı idi.  
 

Əks halda, üç sədr "dəyişən” və sonda Şahin Bağırovla idarə rəisi kimi işləməyə can atan nə Natiq Axundov, nə də ictimaiyyət arasında qurumun əvvəlki nüfuzu dəyişəcək.

İnsanlar üzləşdiyi problemdən yazacaq, Natiq Axundov isə onların dediklərini eşitdiyi kimi ya danacaq, yaxud gömrüyün nüfuzunu deyil, oradakı müəyyən məmurların nüfuzunu qorumaqla açıqlama yayacaq. Belə olduğu halda, nə ictimaiyyətlə gömrük arasında illərlə yığılıb qalmış problemlər həll olunacaq, nə də komitənin yerə sərilmiş nüfuzu yüksələcək! 

Yeri gəlmişkən, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür. N.Axundov 2000-2006-cı illər ərzində "Gömrük xəbərləri" qəzeti redaksiyasında müxtəlif vəzifələrdə də çalışıb. Özünün birbaşa jurnalist kimi fəaliyyətinə rast gəlinməsə də, "Əməkdar jurnalist" fəxri adına da layiq görülüb./qaynarinfo

RƏYLƏR