Laçın şəhərində yeni yaşayış məhəlləsinin inşası ilə bağlı 41 milyon 266 min manatlıq tenderin qalibi "Hovers Group” MMC olub.
Tender "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən keçirilib. Müqavilə irihəcmli bərpa və tikinti layihələrinin iştirakçısı kimi tanınan "Hovers Group”a həvalə edilib.
Şirkətin rəsmi internet resurslarında "Hovers Group”un 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edildiyi qeyd olunsa da, dövlət reyestri sənədlərində müəssisənin yeganə təsisçisi və qanuni təmsilçisi kimi Səbuhi Knyaz oğlu Mehdizadə olub.
Səbuhi Mehdizadə hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışır. O, bu vəzifəyə 15 iyul 2024-cü il tarixli sərəncamla təyin edilib. Bundan əvvəl həmin nümayəndəlikdə baş məsləhətçi olub.
Mehdizadə daha əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, "Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru kimi vəzifələrdə çalışıb.
Araşdırmaya görə, "Hovers Group” son yeddi ildə ümumi dəyəri 266.6 milyon manata çatan dövlət satınalmalarının icraçısı olub.
Şirkət dövlət əhəmiyyətli layihələr, eləcə də iri həcmli tikinti və infrastruktur işlərinin həyata keçirilməsində iştirak edir.
Səbuhi Mehdizadənin idman sahəsində də rəsmi təmsilçiliyi var. O, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir. "Hovers Group”un rəsmi saytında şirkətin tennis yarışlarına mütəmadi sponsorluq etdiyi qeyd olunur.
Araşdırmada Səbuhi Mehdizadənin qardaşı Səxavət Knyaz oğlu Mehtiyevin də şirkəti olduğu bildirilir. Rəsmi qeydiyyat sənədlərinə görə, o, "ALFA-AZ” MMC-nin qanuni sahibidir.
Mövcud qanunvericilik dövlət qulluqçularının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, kommersiya qurumlarında rəhbərlik və ya təsisçilik etməsini məhdudlaşdırır. Bu baxımdan, yüksək vəzifəli dövlət məmurunun təsisçisi olduğu şirkətin dövlət satınalmalarında, xüsusilə də bərpa layihələrində iri müqavilələr qazanması maraq toqquşması ilə bağlı suallar yaradır.
Foto süni intellektin köməyi ilə hazırlanmışdır.
7NEWS.az




















