Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbə və məzunların məşğulluq imkanlarının artırılması məqsədilə 18-ci Karyera Sərgisi təşkil olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, özəl sektor təmsilçiləri, işəgötürən şirkətlər, universitet rəhbərliyi, tələbə və məzunlar iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov iştirakçıları salamlayıb, karyera sərgilərinin universitetlə əmək bazarı arasında mühüm əlaqələndirici platforma olduğunu bildirib. Rektor qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələrinin əsas missiyası yalnız nəzəri biliklərin verilməsi ilə məhdudlaşmır, eyni zamanda tələbələrin praktiki bacarıqlara yiyələnməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və onların əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasını da əhatə edir.
Zəfər Qurbanov bildirib ki, aqrar sahənin inkişafı ölkənin strateji prioritetlərindən biridir və bu istiqamətdə peşəkar insan kapitalının hazırlanması xüsusi əhəmiyyət daşıyır. "Bu gün burada iştirak edən şirkət və müəssisələrin sayı onu göstərir ki, əmək bazarında aqrar sahə üzrə ixtisaslı kadrlara ciddi ehtiyac var. ADAU olaraq məqsədimiz tələbələrimizi yalnız diplom sahibi kimi deyil, əmək bazarında öz yerini tuta bilən, praktik bilik və bacarıqlara malik peşəkar mütəxəssislər kimi yetişdirməkdir”, - deyə rektor əlavə edib.
Daha sonra çıxış edən Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop və Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxışlarında gənclərin məşğulluğunun təmin olunması, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığının əhəmiyyəti, universitet-işəgötürən əməkdaşlığının genişləndirilməsi və aqrar sahədə müasir bilik və bacarıqlara malik mütəxəssislərə olan tələbatdan danışıblar.
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov aqrar sektorun müasir çağırışlara uyğun inkişafının insan resurslarının keyfiyyətindən birbaşa asılı olduğunu, kənd təsərrüfatında innovativ yanaşmaların, ağıllı texnologiyaların və yeni idarəetmə mexanizmlərinin tətbiqinin gənc və peşəkar kadrlara olan ehtiyacı daha da artırdığını bildirib.
Fərid Nəcəfov qeyd edib ki, tələbələrin hələ təhsil aldıqları dövrdə iş dünyası ilə təmasda olması onların gələcək karyera planlamasında mühüm rol oynayır. O, aqrar təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin gələcəkdə daha rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə bu cür tədbirlərin tələbə və məzunların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına, onların praktiki təcrübə qazanmasına və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini bildirərək iştirakçılara uğurlar arzulayıblar.
Karyera sərgisi çərçivəsində tələbə və məzunlar 100-ə yaxın şirkət və müəssisənin stendləri ilə yaxından tanış olub, müxtəlif sahələri təmsil edən işəgötürənlərlə görüşlər keçiriblər. İştirakçılar vakansiyalar, təcrübə proqramları və karyera inkişafı imkanları barədə məlumat əldə edib, bir sıra şirkətlər tərəfindən ilkin müraciətlər qəbul edilib. Sərgi çərçivəsində ümumilikdə 900-dən çox vakansiya tələbə və məzunların diqqətinə çatdırılıb.
Sonda qonaqlar Gəncə Dövlət Aqrar Kolleci, ADAU-nun İnnovasiyalar Mərkəzi və ADAU TV internet televiziyasının müasir studiosu ilə yaxından tanış olublar.

























