Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün tarixi imkan yaranıb. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra regionda münasibətlərin yeni mərhələyə keçməsi üçün real zəmin formalaşıb. Lakin bu imkandan yararlanmaq üçün diplomatik görüşlər və xoş niyyət bəyanatları kifayət etmir. Sülh siyasi iradə, hüquqi aydınlıq və qarşılıqlı öhdəliklərin ardıcıl şəkildə yerinə yetirilməsini tələb edir.
Bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib. Deputat hesab edir ki, Ermənistanın sülh prosesindəki mövqeyi bəyanatlardan daha çox konkret addımlarla qiymətləndirilməlidir: "Bu gün əsas məsələ Ermənistanın sülh istədiyini bəyan etməsi deyil, həmin istəyin reallaşması üçün hansı addımları atmasıdır. Azərbaycan regionda yeni münasibətlər sisteminin formalaşması üçün öz mövqeyini ortaya qoyub. İndi Ermənistan da siyasi bəyanatlarını konkret qərarlarla təsdiqləməli, sülh prosesinin başa çatmasına mane olan məsələlərin həllində real irəliləyiş nümayiş etdirməlidir”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın konstitusiya məsələsi Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, uzunmüddətli və dayanıqlı sülh yalnız tərəflərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də gələcəkdə yeni münaqişələrə zəmin yarada biləcək hüquqi ziddiyyətlərin aradan qaldırılması əsasında mümkündür. "Azərbaycanın mövqeyi prinsipialdır. Biz regionda elə bir sülhün tərəfdarıyıq ki, bu sülh yalnız bugünkü siyasi vəziyyəti deyil, gələcək münasibətlərin hüquqi əsaslarını da əhatə etsin. Ermənistanın konstitusion çərçivəsində Azərbaycana qarşı ərazi iddiası kimi şərh edilə bilən müddəalarla bağlı suallar aradan qaldırılmalıdır. Çünki söhbət sadəcə hüquqi sənəddən deyil, iki dövlət arasında münasibətlərin hansı prinsiplər üzərində qurulacağından gedir”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.
Deputatın fikrincə, Ermənistanın daxili siyasi və hüquqi prosedurları öz suverenliyinə aid məsələ olsa da, həmin prosedurların nəticələri Azərbaycanla sülhün hüquqi əsaslarına təsir göstərirsə, bu amil nəzərə alınmalıdır. "İrəvan sülhə sadiqliyini nümayiş etdirmək istəyirsə, bunu hüquqi ziddiyyətlərin aradan qaldırılması istiqamətində konkret addımlarla göstərməlidir. Daxili siyasi çətinliklər və ya prosedurların mürəkkəbliyi sülh prosesinin qeyri-müəyyən müddətə uzadılmasına əsas verməməlidir”, – deyə millət vəkili bildirib.
Elçin Mirzəbəyli Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının təmin olunmasının regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, TRIPP layihəsi yalnız Azərbaycanın nəqliyyat imkanlarının genişləndirilməsi deyil, bütövlükdə Cənubi Qafqazın beynəlxalq logistika və iqtisadi əlaqələr sistemində rolunun gücləndirilməsi baxımından da əhəmiyyətlidir. "Bu layihənin reallaşması regionda yeni iqtisadi imkanlar yarada, nəqliyyat əlaqələrini genişləndirə və Cənubi Qafqazın beynəlxalq marşrutlardakı əhəmiyyətini artıra bilər. Lakin bunun üçün siyasi razılaşmaların praktiki nəticələrə çevrilməsi vacibdir. Nəqliyyat bağlantıları ilə bağlı məsələlər sonsuz müzakirələrin predmetinə çevrilməməli, razılaşdırılmış qərarların icrası istiqamətində konkret addımlar atılmalıdır”, – deyə deputat əlavə edib.
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan üçün əsas məsələ Naxçıvanla bağlantının real nəqliyyat və iqtisadi imkanlara çevrilməsidir. Bu prosesdə suverenlik, yurisdiksiya və təhlükəsizlik prinsipləri nəzərə alınmaqla, əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi vacibdir. Deputat vurğulayıb ki, regional əməkdaşlıqdan bütün tərəflər faydalana bilər, lakin bunun üçün siyasi iradə və qarşılıqlı öhdəliklərə sadiqlik nümayiş etdirilməlidir.
Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində dövlət sərhədinin delimitasiyası və demarkasiyası, eləcə də anklav və eksklavlarla bağlı məsələlərin həlli də mühüm yer tutur. E.Mirzəbəyli bildirib ki, bu məsələlər texniki xarakterli görünə bilər, lakin onların hər biri dövlətlərin suverenliyi, ərazi bütövlüyü və regional təhlükəsizliklə birbaşa bağlıdır: "Sərhədlərin dəqiq müəyyənləşdirilməsi qeyri-müəyyənliyi aradan qaldırmalı, gələcəkdə mümkün mübahisələrin yeni siyasi gərginliklərə çevrilməsinin qarşısını almalıdır. Bunun üçün tərəflər razılaşdırılmış mexanizmlər əsasında işləməli və mürəkkəb məsələlərin həllini uzatmaqdan çəkinməlidirlər. Çətinliklərin mövcudluğu sülh prosesinin ümumi məntiqini dayandırmaq üçün bəhanəyə çevrilməməlidir”.
Deputatın fikrincə, bu istiqamətdə əldə edilən konkret nəticələr tərəflərin sülhə nə dərəcədə sadiq olduqlarını göstərən mühüm meyarlardan biridir. E.Mirzəbəyli hesab edir ki, dayanıqlı sülhün təmin olunması yalnız hökumətlərarası danışıqlardan və diplomatik sənədlərdən asılı deyil. Bunun üçün cəmiyyətlərdə də gələcəyə yönəlmiş düşüncə tərzi güclənməli, revanşist yanaşmaların və qarşı tərəfin suverenliyini şübhə altına alan siyasi ritorikanın təsiri azalmalıdır. "Əgər bir tərəf beynəlxalq platformalarda sülhdən danışır, lakin daxili siyasi diskursda qarşıdurmanı təşviq edən yanaşmaların qarşısını almırsa, bu, etimadın formalaşmasını çətinləşdirir. Sülh gündəliyi yalnız diplomatik bəyanatlarda deyil, siyasi qərarlarda, hüquqi islahatlarda və ictimai müzakirələrdə də özünü göstərməlidir”, – deyə deputat bildirib.
Parlament üzvünün sözlərinə görə, keçmişin ağrılı səhifələrini geridə qoymaq çağırışı tarixi və hüquqi reallıqların inkarı kimi başa düşülməməlidir. Davamlı sülh üçün mövcud reallıqlar qəbul edilməli, gələcək münasibətlər isə qarşılıqlı suverenliyə hörmət əsasında qurulmalıdır. E.Mirzəbəyli hesab edir ki, Ermənistan bu gün mühüm seçim qarşısındadır, bu ölkə ya yaranmış tarixi fürsətdən istifadə edərək Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasına töhfə verməli, ya da daxili siyasi tərəddüdlərin və uzanan prosedurların sülh prosesinə mane olmasına imkan yaratmalıdır. Onun sözlərinə görə, konstitusiya məsələsi, TRIPP layihəsinin reallaşdırılması, sərhədlərin delimitasiyası və digər həssas mövzular üzrə konkret irəliləyiş olmadan sülh gündəliyinin tam başa çatdığını söyləmək mümkün deyil. "Azərbaycanın mövqeyi bundan sonra da prinsipial olacaq. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərdə qeyri-müəyyənliyə yol verilə bilməz. Sülh sazişi gələcəkdə yeni ərazi iddialarına və qarşıdurmalara zəmin yaratmayacaq hüquqi əsaslara söykənməlidir. Bizim üçün sülhün mahiyyəti yalnız sənədin imzalanması deyil, onun uzunmüddətli təhlükəsizliyə və sabitliyə xidmət etməsidir”, –E.Mirzəbəyli daha sonra bildirib.
Deputat əlavə edib ki, regionun gələcəyi siyasi bəyanatların sayından və ya ritorikanın sərtliyindən deyil, tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri hansı səviyyədə yerinə yetirmələrindən asılıdır: "İndi əsas məsələ sözləri əmələ çevirməkdir. Ermənistan sülh istəyirsə, bunu konkret qərarlarla sübut etməlidir. Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün tarixi fürsət mövcuddur və bu fürsətin reallaşması siyasi məsuliyyət, ardıcıllıq və real iradə tələb edir”.























