FEMİNİZM VƏ ABU DEPUTATLARI... – Elşad Abdullayevin daha bir “kadrı” diqqət mərkəzinə düşüb

OXUNUB: 375 GÜNDƏM HADİSƏ
Salyan rayonunun deputatı Jalə Əhmədovanın mətbuata son açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə mövzusuna, bəzi hallarda isə ironiya və lağ mənbəyinə çevrilib.
Xatırladaq ki, feminizm haqqında danışan xanım deputatın "feminizm olan yerdə ruzi-bərəkətin olmadığını” dediyi bildirilir. Lakin sonradan J.Əhmədova belə demədiyini və fikirlərinin təhrif olunduğunu, yanlış başa düşüldüyünü söyləyib ki, bu da Azərbaycan deputatları, siyasətçiləri üçün adət etdiyimiz "normal hal”dır...
Əlbəttə ki, xanım deputatın feminizmlə bağlı açıqlamaları müasir, intellektual, dərin siyasi fəlsəfi və s. yanaşma sayılmasa da, əhalinin böyük kəsiminin, o cümlədən də ümumiyyətlə "feminizm” deyəndə nəyin nəzərdə tutulduğunu düz-əməlli anlamayanların mövqeyilə tam uzlaşır. Lakin Azərbaycan parlamentinin deputatlarının, xüsusilə də ilk dəfə seçilənlərin bəzilərinin ümumi intellekt, savad, siyasi biliklər və təhsil səviyyəsinə nəzər yetirdikdə, J.Əhmədovanın dediklərində qeyri-adi nəsə axtarmağa, yaxud onu tənqid etməyə dəymir...
Ancaq bununla yanaşı, deputatın sonradan eyni mövzu ilə bağlı söylədikləri daha maraqlı görünür. Sitat: "Onların qaldırdığı plakatlarda göstərilən fikirləri, səslənən şüarları hər kəs görüb. Budurmu feminizm? Jalə Əhmədova o fikirləri dəstəkləməlidir? Bunu heç zaman, heç kəs Jalə Əhmədovadan görməyəcək”. Təbii ki, həmin plakatları heç kim dəstəkləmir və bizdəki "feministlər”in ciddi mənada normal feminizmlə heç bir əlaqəsi yoxdur, bu sarıdan deputatın dedikləri doğrudur. Ancaq eyni zamanda, onları dəstəkləməyi də yəqin ki, ondan heç xahiş edən də olmayıb... Buna baxmayaraq, açıqlamasındakı xüsusilə son iki cümlə - "Jalə Əhmədova o fikirləri dəstəkləməlidir? Bunu heç zaman, heç kəs Jalə Əhmədovadan görməyəcək” deməsi belə təsəvvür yaradır ki, Jalə xanım özünün olduqca böyük ictimai-siyasi yükə malik siyasi xadim, hər açıqlamasını, sözünü cəmiyyətin həsrət və diqqətlə gözlədiyi bir siyasətçi olduğunu düşünür. Ola bilər, bəlkə də belədir...
Bu deputatın son zamanlar sosial şəbəkələrdə populyarlaşdığını nəzərə alaraq, istər-istəməz onun tərcümeyi-halına nəzər yetirməli olduq. Məlum oldu ki, bu deputatımız da ilk ali təhsilini cəmiyyətdə pulla diplom satan, saxta, təhsil səviyyəsi aşağıdan da aşağı olan, ümumiyyətlə universitet yox, ticarət, alver obyekti kimi tanınan Azərbaycan Beynəlxalq Universitetində alıb. O universitet ki, onun rektoru Elşad Abdullayev deputat seçilmək üçün Ramiz Mehdiyevin əlaltılarına 5 milyon rüşvət verdiyini etiraf edib və ölkənin hüquq-mühafizə orqanlarının araşdırması, məhkəmənin qərarı ilə dələduzluqda və digər cinayətlərdə ittiham olunub. Və Jalə xanım da bu gün bir çox orqanlarda yüksək vəzifə tutanlar kimi, ali təhsilə və sonrakı karyerasına məhz burada qədəm qoyub. Sonradan Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I Vitse-Prezidenti də olan J.Əhmədova, ikinci təhsilini artıq Bakı Dövlət Universitetində alıb. Azərbaycanda ikinci təhsil üçün ali məktəbə qəbul test üsulu ilə deyil, bu üzdən çoxlarının ikinci diplomu "ənənəvi” yolla əldə etdiyi heç kimə sirr deyil, təki əlində birinci ali təhsilə dair diplom olsun. Bu xanımın da ikinci təhsili məhz "ənənəvi” yolla aldığını iddia edə bilmərik, ancaq onun karyerası üçün də məhz ABU-nun "tramplin” olduğu şübhəsizdir...
 
FEMİNİZM VƏ ABU DEPUTATLARI... – Elşad Abdullayevin daha bir
FEMİNİZM VƏ ABU DEPUTATLARI... – Elşad Abdullayevin daha bir
Deputatların feminizmə fərqli münasibəti, eləcə də parlament seçkilərinin nə dərəcədə şəffaf keçirilməsi və s. kimi mövzuları bir kənara qoyaraq, ABU məsələsi üzərində durmağımız təsadüfi deyil. Məsələ ondadır ki, J.Əhmədova ABU məzunu olan yeganə deputat deyil. Onların arasında polisə kəllə atan Eldəniz Səlimovdan tutmuş Hacı Qalib Salahzadənin deputat oğlu Əliabbas Salahzadəyə qədər, xeyli millət vəkili var. Deputatların hamısının tərcümeyi-halını araşdırmasaq da, artıq indiyə qədər mətbuatda bu mövzuyla bağlı gedən materiallara baxanda, hazırkı parlamentdə 10-a yaxın ABU məzununun oturduğunu deyə bilərik. Bunun özü də son çağırış Milli Məclis barədə müəyyən təsəvvür yaradır...
MDB məkanında adətən ölkə rəhbərləri, siyasətçilər, nazirlər, politoloqlar və s. arasında bilik, təhsil səviyyəsi kriteriyası kimi çox zaman "MQİMO” kimi tanınan, Moskva Beynəlxalq Əlaqələr İnstitutunun məzunu olmaq olduqca prestijli sayılır. Azərbaycan parlamentində isə deyəsən eyni rolu Elşad Abdullayevin ABU-su oynayır. Onda belə çıxır ki, E.Abdullayevi dələduz elan etmək əvəzinə, ona Milli Məclis tərəfindən minnətdarlıq elan olunmalı, hətta onun adıyla bağlı xüsusi guşə açılmalıdır ki, özü deputat ola bilməsə də, parlament üçün çoxlu sayda "kadrlar” yetişdirib.../"AzPolitika.info”

RƏYLƏR