Azərbaycanda bütün tədbirlərə baxmayaraq, təəssüflər olsun ki, hələ də qeyri-qanuni mərc oyunlarının keçirilməsinə və reklamına rast gəlinir. Xüsusən informasiya texnologiyalarının yaratdığı imkanlardan bəhrələnərək qeyri-qanuni mərc oyunlarının təbliği, reklamı daha geniş şəkildə yayılır. Texnoloji imkanlar qanunsuz şans oyunlarını təşkil edənlər üçün əlverişli olsa da, dövlətlər üçün ciddi problemlər yaradır.
Azərbaycanda belə qanunsuz şans oyunlarının reklamına tez-tez rast gəlinir və həmin oyunlara inanan çoxlu sayda insan var. Təbliğat və reklamlar nəticəsində əksər Azərbaycan vətəndaşı da qanunsuz virtual oyunların iştirakçısına çevrilir. Mərc oyunlarına maraq göstərən insanların bəziləri bu cür oyunların qeyri-qanuni olduğunu bilmir və nəticədə zərərlə üzləşirlər.
Belə oyunlarda iştirak edən şəxslər bir çox halda aldadılır, uduşlarını əldə edə bilmirlər.
Bəs qanunsuz şans oyunlarının reklam edilməsində məqsəd nədir, virtual məkanda belə oyunların qarşısını almaq mümkündürmü?
Xatırladaq ki, bir neçə gün öncə qeyri-qanuni mərc oyunu təşkil edən "Mostbet” şirkəti vətəndaşın külli miqdarda uduşunu ödəməkdən boyun qaçırıb. Bununla bağlı Ayaz İkramoğlu adlı şəxs sosial şəbəkədə paylaşım edib.
A.İkramoğlu bildirib ki, adıçəkilən şirkət onun 156 461 manatlıq uduşunu ödəmir, üstəlik hesabı bloklanıb. Azərbaycanda fəaliyyəti qadağan olunan mərc şirkətləri ilə bağlı sosial şəbəkələrdə tez-tez bu tip paylaşımlara rast gəlinir.
Zərərçənlər arasında məşhur simalar da var.
Eyni şikayətə çıxış edən Pərvin Abiyeva da şərh bildirərək, "Mostbet”dən qazandığı 5 000 manatın ödənilmədiyini bildirib.
Lakin qeyd edək ki, bu cür məsələlər fərdi problem deyil. Aparılan maarifləndirmə işləri insanları belə qanunsuz mərc oyunlarından qismən uzaqlaşdırsa da, problemi tam aradan qaldırmır. Bunun üçün daha təsirli tədbirlərin görülməsi vacibdir.
Millət vəkili Aqil Abbasın fikrincə, bu cür onlayn oyunlarda insanların iştirak etməməsi üçün təbliğat işləri gücləndirilməlidir, insanlara həmin oyunlarda iştirakın yaratdığı risklər izah edilməlidir.
"Ölkə daxilində təşkil edilən qeyri-qanuni oyunlar kimi, internet vasitəsilə keçirilən qanunsuz oyunlar da qadağan edilməlidir. Bu cür oyunların reklamına, təbliğinə imkan verilməməlidir”, - deyən millət vəkili vurğuladı ki, belə oyunların insanlara maddi və mənəvi ziyan vurması izah edilməlidir.
A.Abbas qeyd etdi ki, internet üzərindən keçirilən və heç bir təminatı olmayan oyunlarda iştirak bir çox insanın müflisləşməsinə, ailələrində böyük problemlər yaranmasına səbəb olub:
"Əsas məsələ bu cür qeyri-qanuni mərc oyunlarının kütləviləşməsinin qarşısını almaqdır. Azərbaycanda da müəyyən qədər kütləviləşmə müşahidə edilir”.
Bəs internet üzərindən təqdim edilən qanunsuz oyunların reklamı və keçirilməsinin qarşısını almaq mümkündürmü?
Saytımıza danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz hesab edir ki, texnoloji və texniki baxımdan bu tip reklamların və oyunların qarşısını almaq mümkündür. O xatırlatdı ki, buna qanunvericilik də imkan verir.
"Azərbaycan qanunvericiliyinə əsasən real dünyada olduğu kimi, virtual dünyada da qeyri-qanuni mərc oyunları qadağandır. Ona görə də aidiyyəti qurumlar bunu monitorinq etməli və problemi həll etməlidir”, - deyən O.Gündüz Azərbaycanda internet resurslarının bloklanması və ölkə ərazisində qadağan edilməsinə imkan verən hüquqi prosedurun mövcud olduğunu söylədi.
""İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanun”a əsasən icazə verilməyən fəaliyyətlər, həmin fəliyyətlərin necə qadağan edilməsi forması göstərilib. Aidiyyəti qurumlar monitorinq etməlidir və qanunvericiliyə uyğun olmayan bu cür resursların Azərbaycan ərazisində bloklanmasını həyata keçirməlidir. Bu fəaliyyət gizli deyil, aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyəti orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların olduğunun fərqindədir”.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də mövqeyini öyrəndik. Nazirlikdən bildirdilər ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar yayılması qadağan edilən inormasiya hesab edilir və bu informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilmir.
Nazirlikdən qeyd edildi ki, "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olan məlumatlar əsasında müəyyən edirlər. Eyni zamanda yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edilir və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb olunur.
Onu da əlavə edək ki, qeyri-qanuni mərc oyunlarında və qumar oyunlarında iştirak hüquqi məsuliyyət də yaradır. Yəni, sadəcə təşkilatçılar deyil, qumar oynayanlar da məsuliyyət daşıyır. Bu tələb virtual məkanda təşkil edilən oyunlardakı iştiraka da aiddir. Yaranan hüquqi məsuliyyətin iki növü var.
Birincisi inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsi "Qumar oyunları” adlanır və həmin maddədə aşağıdakı hərəkətlərin edilməsi inzibati məsuliyyət yaradır: - Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsi; - Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışı; - Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsi; - Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı ilə, qumar oyunlarında iştirakla bağlı Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları qumar hesab edilmir. Yəni, qumar oyunu, "Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrası qumar deyil”. İkinci hüquqi məsuliyyət Cinayət Məcəlləsi ilə yaranır:
"Qumar oyunlarının təşkili və ya keçirilməsi Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Yəni, qanunverilicik qumar oyunun təşkili və keçirilməsini daha ağır əməl hesab edərək onu daha sərt cəzalandırır, virtual mühitə çıxışın təmin edilməsi, bilet satışı və oyunda iştirak haqqı ilə uduşun ödənilməsi kimi ayrı-ayrı hərəkətləri isə Cinayət Məcəlləsinin tənzimlənmə dairəsindən çıxararaq inzibati cərimə ilə cəzalandırır. Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə uyğun olaraq, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama cinayətdir və beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bildirək ki, Azərbaycanda yalnız qanuni şans oyunlarına icazə verilir. Bu oyunlar "Azərlotereya” tərəfindən təşkil olunur və keçirilir. Şans oyunu həvəskarları qanunu pozmadan, cərimələnmədən həm də hüquqları pozulmadan qanuni şans oyunlarında iştirak edə bilərlər.