Füzuli Məmmədov: “Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır”

OXUNUB: 1945 SİYASƏT
"Türkiyə ordusunun Suriyada antiterror əməliyyatlarına başlaması qardaş ölkənin haqqıdır və beynəlxalq hüquq normalarına uyğundur”. Bu fikirləri Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin Birinci Vitse-Prezidenti Füzuli Məmmədov səsləndirib. O bildirib ki, özünə hörmət edən heç bir ölkə sərhədlərində terror qruplaşmalarının fəaliyyətinə razı ola və bunun milli təhlükəsizliyinə təhdid yaratmasına göz yuma bilməz: "Türkiyə böyük, güclü və dünyada öz yeri, çəkisi, nüfuzu olan dövlətdir və təbii ki, sərhədlərində baş verən proseslərə seyrçi qala bilməzdi. Türk əsgərinin uğurlu əməliyyatları isə qürurvericidir və bu nailiyyət təkcə Türkiyənin deyil, eyni zamanda, Azərbaycan və ümumilikdə türk dünyasının uğurudur”. O bildirib ki, Türkiyənin Afrində 30 kilometrlik təhlükəsizlik ərazinin yaradılmasını planlaşdırması strateji hədəfdir və çox ciddi önəm daşıyır: "Qardaş ölkə əsgərlərinin uğurlu əməliyyatları təbii ki, bizi sevindirir və bu, türk ordusunun peşəkarlığını, gücünü, spesifik cəhətlərini göstərir. Amma burada Türkiyənin diplomatiyasını da diqqətdən kənarda saxlamaq olmaz. Bildiyiniz kimi, Türkiyənin Afrində hərbi əməliyyatı bəzi ölkələrdə narahatlıq yaratsa da, amma bunu əngəlləməyə cəhd etmədilər. Əksinə, Böyük Britaniya, Hollandiya və bir çox Avropa dövlətləri Türkiyənin haqlı olduğunu dəstəklədilər”.
F. Məmmədov ermənilərin işğalı altında olan Qarabağın da terror təşkilatlarının yuvasına çevrildiyini vurğulayıb və bunun nəinki Azərbaycan, ümumiyyətlə, bölgə və dünya üçün ciddi təhlükə yaratdığını bildirib: "Bu səbəbdən də hesab edirəm ki, dünya, eyni zamanda bölgə dövlətləri bu məsələ ilə bağlı ciddi addımlar atmalıdırlar. Qarabağda PKK terror təşkilatının təlim keçməsi və orada yuvalanması, eyni zamanda, işğal altında olan ərazilərin narkotacirlərin fəaliyyət sferasına daxil olması çox ciddi təhlükə mənbəyidir”.

O əlavə edib ki, bütün bu və digər amillər Azərbaycana da əsas verir ki, Qarabağda antiterror əməliyyatları aparsın: "Hər birimizə bəllidir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu barədə 4 qətnaməsi var. Qətnamələrdə erməni işğalçılarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etmələri tələb olunur.

Buna görə də Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmək üçün antiterror əməliyyatına başlaması beynəlxalq hüquq normalarına tam uyğundur, daha doğrusu, beynəlxalq hüququn tələbidir. Azərbaycan bu addımı qardaş ölkə ilə birlikdə də ata bilər. Hesab edirəm ki, Türkiyə ilə strateji yaxınlığımız daha irəliyə getməli və hərbi ittifaq yaradılmalıdır”.

RƏYLƏR