Gömrük Komitəsinin rəis müavinin milyonluq obyekti üzə çıxdı - FOTO

OXUNUB: 1620 Özəl GÜNDƏM İQTİSADİYYAT
Azərbaycan hakimiyyəti kadr və struktur dəyişikliklərinə start verəndə Dövlət Gömrük Komitəsinin (DGK) ləğv edilərək Vergilər Nazirliyinə birləşdirilməsi gündəmə gətirilmişdi.

Bu təklifi səsləndirənlər arasında hakimiyyət düşərgəsinə yaxınlığı ilə seçilən ictimaiyyət nümayəndələri də var idi. DGK-nın ləğvini təklif edənlərin arqumentlərindən biri bu idi ki, həm vergi, həm də gömrük orqanı prinsipcə eyni işi görür: Vergi yığır.

Ona görə də bu qurumların birləşdirilməsi daha məqsədəuyğundur. Amma əsas arqument Mikayıl Cabbarovun Vergilər naziri təyin olunmasından sonra bu qurumun fəaliyyətində əvvəlki dövrlərlə müqayisədə müsbətə doğru dəyişikliklərin baş verməsi idi. Hesab edilirdi ki, DGK-nı Vergilər Nazirliyinə birləşdirməklə gömrük xidmətinin fəaliyyətində də müsbət dəyişikliklərə nail olmaq mümkündür.

Hər kəsin arzuladığı dəyişikliklər isə rüşvət və korrupsiyanın qarşısının alınması və inhisarçılığa son qoyulması idi. Lakin gözləntilərin əksi baş verdi. Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi də sözügedən nazirliyin tabeliyinə verildi. Mikayı Cabbarov isə bu nazirliyin rəhbəri oldu. Amma DGK yerində qaldı və ənənəvi qaydada fəaliyyətini davam etdirdi.

Hakimiyyətin ölkədə köklü islahatlar aparıldığını bəyan etdiyi bir dövrdə daha çox DGK-nın adı rüşvət və korrupsiayada hallandırılır.

Ölkə başçısının "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 aprel 2018-ci il tarixli, 6 nömrəli Sərəncamına əsasən qurumun şəffaf olması, bu sahədə hesabatlılığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, korrupsiya və digər hüquqpozmaların qarşısının alınması məqsədilə həmin ilin may ayının 8-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK arasında memarandum imzalandı.

Lakin bu memarandumun imzalanmasının üzərindən 2 ilə yaxın vaxt ötsə də, hələ DGK şəffaf fəaliyyəti barədə ictimaiyyətə doğru-düzgün məlumat verə bilməyib.

Məlumata görə, komitənin rəhbər şəxslərinin böyük qismi isə Avropada və ölkədə biznes şəbəkələrini genişləndirməkdə davam edirlər.

Faktlarla, sənədlərlə təqdim olunan bu tip yazılara isə Gömrük Komitəsi tərəfindən rəsmi münasibət bildirilmir.

Arqument.az yazır ki, öz şəxsi biznesini yaradan gömrük məmurlarından biri də DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini Üveysi İsmayılovdur.

Məlumata görə, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavini Üveysi İsmayılovun Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində 3 mərtəbəli obyekt inşa etdirir.

İdarə rəsinini müavinin inşa etdirdiyi obyektin ümumi sahəsinin 150 kvadrat metrdən artıq olduğu, obyektin ticarət mərkəzi kimi fəaliyyət göstərəcəyi deyilir.

Jurnalist Həbib Müntəzir yazır ki, Üveysi İsmayılov Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun kürəkənidir. O, həm də ölkədə mərmər monopoliyasına nəzarət edir.

Qardaşı Üzeyir İsmayılov Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəridir.

Aylıq vəzifə maaşı ümumilikdə 1300-1800 manat olan İdarə rəsinin 3 mərtəbəli ticarət mərkəzini hansı vəsaitlə tikdirdiyi artıq şübhə doğurmur.

Həmin obyektlə bağlı sənədi təqdim edirik.

RƏYLƏR