Gömrük yoxlamaları: Səfər Mehdiyev və komandası üçün dərs

OXUNUB: 91 Özəl İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsinin fəaliyyətindəki neqativ hallarla bağlı məsələ zaman-zaman gündəmə gəlir. 

Bununla bağlı dəfələrlə yoxlama aparılıb, cəzalandırılanlar da olub. Komitəyə qarşı çeşidli ittihamlar isə səngimək bilmir. Yeni rəhbərliyin ötən müddətdəki fəaliyyəti belə problemlərin ciddi surətdə aradan qalxmasına şərait yaratmayıb. Doğrudur, hələlik üstü açılan məsələlər Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev dönəmindən qalanlardır.

Yayılan son xəbərə görə,  2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb. Məlumata görə, yoxlama Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında aparılıb.

Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb. Avtonəqliyyat Baş Gömrük İdarəsi 15.12.2017 - 31.12.2017 dövrü üzrə yoxlanıb. Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib.  Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin edilməyib. Dövlət Maliyyə Nəzarəti Xidməti sənədləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərib. 

Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində də yoxlama aparıb. Yoxlama nəticəsində 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin olunub və sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Yoxlamaların əhatə etdiyi dövrə nəzər salsaq görərik ki,  həmin dönəm  komitəyə Aydın Əliyev rəhbərlik edib. Bundan əvvəl isə Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi Fikrət Qədiməliyev, onun müavini Fərman Məmmədli, həmçinin hospitalın işçiləri və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin də iki əməkdaşı daxil olmaqla, ümumilikdə 8 nəfər həbs olunub. Onlar 188 adda qaimə üzrə 6.5 milyon manatlıq dərmanların ölkəyə gömrük nəzarətindən keçirilmədən gətirilməsi, Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən onların satışı və istifadəsində günahlandırılıb. General və müavininə həm də hospitalda 15 milyon manatlıq mənimsəmə üzrə ittihamlar verilib.

Komitənin keçmiş rəhbərliyi dönəmində baş verənlərlə bağlı yoxlamalar və ortaya çıxarılan faktlar indiki sədr Səfər Mehdiyev və komandasına dərs olmalıdır.

Çünki zaman fasiləsi məsuliyyəti azaltmır, bütün sirlərin faş olacağı dövr var. Komitənin indiki rəhbərliyi ilə bağlı da mütəmadi  narazılıqlar səslənir. Gömrük- keçid məntəqələrində baş verən neqativ hallar, mövcud problemlər ictimai narazılığa səbəb olur. Xüsusilə də insanlar gömrükdə üzləşdikləri problemlərdən, onlara yaradılan süni əngəllərdən şikayətçidirlər. Gömrükdə hələ də ciddi problemlər həllini tapmayıb, üstəlik yeniləri yaradılır. Komitənin ləğv prosesinin başlaması haqqında intensivləşən informasiyalar da məhz bu xəbərlərdən qaynaqlanır. Qeyd edək ki, ekspertlər komitənin ləğv olunaraq Vergilər Nazirliyinin balansına verilməsinə dair ortaq mövqe sərgiləyir. 

Digər tərəfdən, komitənin fəaliyyətindən təkcə sadə vətəndaşlar deyil, həm də iş adamları narazılıq edir. Bu narazılığı şərtləndirən kifayət qədər səbəb var ki, onlardan biri də DGK-nin rəsmi invoysları qəbul etməməsidir. Doğrudur, zaman-zaman təqdim olunan invoyslarda müəyyən problemlər, anlaşılmazlıqlar da olur. Amma bu cür halların az olmasına baxmayaraq, komitə bütün mal gətirənlərə eyni prosesi tətbiq edir. Müstəqil ekspertlər beynəlxalq təcrübədə belə bir prosedurun olmadığını, Gömrük Komitəsinin fəaliyyətinin gömrük fəlsəfəsinə zidd olduğunu deyir. Faktiki olaraq Gömrük Komitəsinin invoys-qiymətləndirməyə dair öz siyasəti mövcuddur ki, bu da əslində qanunaziddir. Bu, həm də ölkədə azad bazar qaydalarını, rəqabətli mühiti pozan əsas amil kimi qiymətləndirilir.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin son yoxlamalarından sonra ortaya çıxan faktların indiki rəhbərliyə aidiyyatı olmasa da, amma bu, ən azından Səfər Mehdiyevin komandasına dərs olmalıdır. Çünki gömrükdə olan, əhalinin ciddi narazılığına səbəbiyyət verən və hələ də həllinə yönəlik heç bir addım atılmayan məsələlər gələcək yoxlamalarda Səfər Mehdiyevi hədəfə gətirəcək. Ölkə başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki, məmur xalqın xidmətçisidir. Xalqın maraqlarına uyğun olmayan fəaliyyət isə məmur ömrünü qısaldır.

Mənbə Cebhe.info

RƏYLƏR