Çınqıl mədənlərindəki həbslərin səbəbləri üzə çıxır

OXUNUB: 196 SOSİAL
Çınqıl mədənlərində çalışan iş adamlarının kütləvi həbsi diqqəti bu sahəyə yönəldib. Baş Prokurorluq ekoloji qanun pozuntularına yol verən, daha doğrusu, qum-çınqıl yataqlarının qanunsuz istismarını həyata keçirib ətraf mühitə zərbə vuranların həbsi haqda məlumat yayıb.

Bu məsələ iyun ayında Göyçay çayının üzərindəki körpünün dayaqlarını sel sularının uçurmasından sonra aktuallaşmışdı. Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqi nəticəsində bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydalar və lisenziyalaşdırma şərtlərinin kobud surətdə pozulması, bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib.


Məlumata görə, qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanan qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanıb.

"Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, "Titanik-5" MMC-nin rəhbəri Şahin Məmmədov, ”Azvirt" MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, "Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, "Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və "Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.


Prokurorluq orqanlarını hərəkətə keçirən Göyçay çayının üzərindəki körpünün uçduğu günlərdə Azərbaycanda yerin təkindən istifadə sahəsində tənzimləməni həyata keçirəcək yeni qurum yaradılıb. Belə ki, prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılmasına dair fərman imzalamışdı.

Fərmana görə, faydalı qazıntıların yerləşdiyi ərazilər istifadə üçün ayrılarkən bəzən mühafizə və təhlükəsizlik qaydalarına əməl edilmir, torpaqların dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin, avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsi nəzərə alınmır, müvafiq qurumlarla razılaşmalar aparılmır, rəylər, kommunikasiya xətləri barədə məlumatlar alınmır, coğrafi koordinatlar dəqiqləşdirilmir: "Yerin təkindən səmərəli istifadə edilməməsi, sənaye və tikintidə işlədilən xammal ehtiyatlarının hasilatı prosesində qanunvericiliyin tələblərinin pozulması arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur”.

Sənəddən aydın olurdu ki, yeni agentlik qeyd edilən halların aradan qaldırılması, ölkənin milli sərvətlərinin, mineral xammal bazasının qorunması, təbii ehtiyatlardan səmərəli, qənaətlə istifadə olunması, xammala olan tələbatın ödənilməsi, faydalı qazıntıların çıxarılması üçün torpaq sahələrinin ayrılmasında, yer təki sahələrinin, bununla əlaqədar işlərin dövlət qeydiyyatına alınmasında, yerin təkinin geoloji öyrənilməsində və istifadəsində ciddi qayda yaradılması, qanunvericiliyin tələblərinə, müəyyən edilmiş normalara və standartlara dürüst əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə yaradılıb.

 

Hazırda Azərbaycanda 238 daş və qum-çınqıl karxanası fəaliyyət göstərir. Yalnız 23 karxana qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Komitənin məlumatına əsasən, qeyri-qanuni fəaliyyət göstərən karxanalar tərəfindən korlanmış torpaqlar əsasən dövlət mülkiyyətinə aid çay yataqlarında, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı və vətəndaşların  özəl pay torpaqlarına aiddir.

Yeni yaradılan agentlik "Yerin təki haqqında” Qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirəcək, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edəcək, bu sahədə xidmətlər göstərəcək. Hökumət faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativləri, yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının yeni siyahısını 2 ay müddətində prezidentlə razılaşdırmaqla müəyyən etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə 6 ay müddətində yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə istismarda olan faydalı qazıntı yataqlarının və qalıq ehtiyatlarının qiymətləndirilməsini təmin etməlidir. Bu tədbirlərin gerçəkləşdirilməsi ölkədə yerin təkindən istifadəni qanun çərçivəsinə salacaq.yenimusavat
 
İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}