Vüqar Rəhimzadə: Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir

OXUNUB: 206 SİYASƏT
Dövlət başçısı İlham Əliyevin "Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir” çağırışı işğalçı dövlətə ciddi mesaj olmalıdır. Bu fakt daim vurğulanır ki, Azərbaycan və Ermənistan eyni vaxtda müstəqillik qazansalar da işğalçı dövlətin müstəqilliyinin formal xarakter daşıması onun daim daxili problemləri ilə diqqətdə olmasını şərtləndirir. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki,  iqtisadi cəhətdən müstəqil olmayan ölkə müstəqil siyasətdən danışa bilməz. Azərbaycan bu baxımdan daim nümunəvi ölkə kimi qeyd edilir. Ölkəmizin səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda  malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi həm iqtisadi inkişafının təmin olunmasında, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rol oynamasında öz sözünü deyir. Azərbaycan 30 il müharibə şəraitində yaşasa da hər bir sahədə qazandığı uğurları ilə dünyanın diqqətində oldu. Dövlət başçısı İlham Əliyevin çıxışlarında dönə-dönə qeyd olunduğu kimi, müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqillik müstəqil siyasət aparmaq  deməkdir.

Bu fikirləri siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti Kremldə Putin-Paşinyan görüşünə yönəldərək bidirib ki, Rusiya-Ermənistan danışıqlarında əsas müzakirə mövzularından  biri iqtisadi məsələ olub. Açıqlanan rəqəmlər Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu bir daha təsdiqləyir. Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 7 milyard dolları keçib. Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəsinin isə 14 dəfə  artığı xüsusi vurğulanıb. Bu reallıq da qeyd edilib ki, Ermənistanın Rusiyaya ixracı kəskin artıb. Məhz bu faktın özü müxtəlif sualların yaranmasına səbəb olur. İqtisadi böhran içərisində çabalayan, dövlət büdcəsi xaricidəki erməni diasporunun ayırdığı vəsaitlər hesabına formalaşan, iqtisadi göstəriciləri ən aşağı səviyyədə olan ölkələr sırasında yer alan Ermənistanın birdən-birə hansı yolla "iqtisadi tərəqqiyə” nail olması maraq doğurmaya bilməz.

V. Rəhimzadə vurğulayıb ki,  Ermənistanın  ixrac imkanlarının "genişlənməsi” bir daha bu reallığı təsdiqləyir ki,  işğalçı dövlət Rusiyanın hesabına yaşadığı halda  özünün əzəli ağasına arxa çevirir. Müstəqillik qazandığı gündən bu və ya digər ölkələrin maraqlarının ifadəçisinə çevrilməsi bu gün Ermənistanın "möcüzəli” iqtisadi inkişafında da özünü qabarıq şəkildə büruzə verir. Başqa sözlə, Ermənistanın xəyanətkarlığı dünyanın diqqətindən kənarda qalmır. Əvvəldə də qeyd etdiyimiz kimi, yeni yiyə axtarışı  bu ölkənin beynəlxalq münasibətlərdə etimad qazanmasına, davranışlarında səmimilik göstərməsinə daim böyük maneə yaradıb. Çünki hazırkı dövrün digər reallığı isə Ermənistanın  sanksiya altında olan malları gizli yolla Rusiyaya satması, Qərbə xəyanət yolunu tutmasıdır. Bu mühüm məqamı da xatırlatmaq istərdim ki, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan görüşündə də əsas müzakirə mövzusu guya Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dəstək məsələsi idi. Dünya güclərinin işğalçı dövlətə maddi dəstək yarışına girişmələrinin arxasında dayanan maraqlar özlərinə "gizli” olsa da artıq hər kəsə aydındır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Nikol Paşinyan hakimiyyəti ikili oyun oynamaqla özünə "dəstək” qazanmağa cəhdlər etməkdənsə, hazırkı dövrün əsas çağırışı olan Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini tezləşdirməklə özünün iqtisadi   vəziyyətini yaxşılaşdıra bilər. Hələ 30 illik işğal dövründə bu reallıq dünya gücləri tərəfindən də qeyd edilirdi ki, münaqişənin  mövcudluğu regionun iqtisadi inkişafına ən böyük maneədir. Ermənistanın işğalçılıq siyasəti ucbatından bütün layihələrdən kənarda qalması onun iqtisadi böhran içərisində çabalamasında əsas amillərdən biridir. Hazırkı dövrdə, Azərbaycanın sülh təklifinin gündəmdə olduğu bir vaxtda Ermənistanın  yeni yiyə axtarışına çıxmasından çox  müqaviləni imzalanması onun üçün daha faydalı olardı. Başqa sözlə, xəyanətkarlıqla iqtisadi vəziyyətini bərpa etməyə çalışan Ermənistanın siyasətində hansı dəyərlərə söykəndiyi artıq tam şəkildə özünü nümayiş etdirir.
 
 
 

RƏYLƏR