İrəvan ərazilərin qaytarılması ilə bağlı iclas keçirəcək – Qarabağ görüşünün DETALLARI AÇILIR

OXUNUB: 1255 SİYASƏT

"Azərbaycan Ermənistana və ATƏT-in Minsk qrupunun həmsədrlərinə substantiv danışıqların aparılması ilə bağlı təzyiq göstərir. Bakının bu təzyiqi Alxanlıda 2 yaşlı Zəhra və nənəsinin erməni hərbi birləşmələri tərəfindən qətlə yetirilməsindən sonra gücləndi”.

İcmal.Az "moscow-baku” portalına istinadən xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin həll olunmamasından artıq yorulub: "Bakının təzyiqləri qarşısında həmsədrlər Ermənistan rəhbərliyindən məzmunlu danışıqlara başlamağı tələb edir. Ermənistanda hiss olunan narahatlıqlar da bu təzyiqlə bağlıdır”.

S.Markov Brüssel görüşündən sonra hadisələrin inkişafını belə proqnozlaşdırır: "Hesab edirəm ki, yaxın günlərdə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək və münaqişənin həll olunmasına hesablanmış substantiv danışıqlara başlamaqla bağlı qərar qəbul ediləcək”.

Rusiyalı politoloq qeyd edib ki, nazirlərin görüşündən sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi ehtimalı yüksəkdir.

"Lakin o da istisna deyil ki, prezidentlərin görüşündə Ermənistan tərəfi qeyri-konstruktiv mövqeni davam etdirsin. Belə olacaqsa, Azərbaycan məzmunlu danışıqlar üçün təzyiqini daha da artıracaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın yayınmaq istədiyi substantiv danışıqlar münaqişənin mərhələli şəkildə həlli məsələsinin müzakirəsini özündə ehtiv edir. Rəsmi Bakının tələbi ilə həmsədrlər İrəvanı masaya dəvət edir. İyulun 11-də keçirilən nazirlərin Brüssel görüşü də bu danışıqların başlanğıcı hesab oluna bilər.

 

İcmal.Az

RƏYLƏR