İtaliyada Azərbaycan kinofestivalı keçiriləcək

OXUNUB: 1430 MƏDƏNİYYƏT

İyunun 22-24–də Romanın "Villa Borghese” parkındakı tarixi "Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.

Festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Festivalın keçirilməsində məqsəd Azərbaycanla İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.

Festivala iyunun 22-də "Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Açılışda filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur. Sonrakı iki gün ərzində əlavə olaraq altı bədii ("Hökmdarın taleyi”, "Nabat”, "İçərişəhər”, "Pərdə”, "Yarımçıq xatirələr”, "Həddən artıq uyğunluq”) və 2 sənədli ("Bir günəş altında”, "Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla nümayiş olunacaq.

Festival çərçivəsində, həmçinin "Bir günəş altında” və "Əbədi ezamiyyət” sənədli filmlərinin nümayişinin, müvafiq olaraq Azərbaycanda multikulturalizm, dinc yanaşı yaşama mədəniyyəti, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında akademik tədbirlər kimi təqdim olunacağı və bu tədbirlərdə müvafiq tədqiqatçıların çıxışı da nəzərdə tutulur./azertag

 

İcmal.Az

RƏYLƏR