Millət vəkilinin Qarabağ təklifi dəstəkləndi

OXUNUB: 939 SİYASƏT

Millət vəkili Qənirə Paşayevanın Qars şəhərindəki Qafqaz Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artırılması təklifi universitet rəhbərliyi tərəfindən dəstəklənib.

İcmal.Az xəbər verir ki, Azərbaycanın Qarsdakı baş konsulluğunun rəsmiləri, AMEA təmsilçiləri, Qafqaz Universitetinin rektoru Sami Özcan, ziyalılar, KİV və QHT təmsilçiləri, həmçinin gənclərin iştirak etdiyi görüşdə Qarabağ həqiqətlərinin daha geniş yayılması, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

S.Özcan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib.

Millət vəkili Qars Qafqaz Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib.

Q.Paşayeva qeyd edib ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, və Xocalı Soyqırımı ilə bağlı müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüş və konfranslara ehtiyac var.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, türk dünyasının bir sıra qanayan yaraları ətrafında fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib.

 

İcmal.Az

RƏYLƏR