Nazirin qardaşı məhkəmədə ifadə verdi

OXUNUB: 635 HADİSƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Nəbiyev ifadə verib. O bildirib ki, Bakının Nəsimi rayonunda mağazada işləyib, Əlikram Camalov ondan mal alıb. Onun sözlərinə görə, Ə. Camalov ona iki dəfə pul verib: "Verilən puldan 3200 dollar qaytarmışam".
 
Zərərçəkmiş Ə. Camalov isə buna etiraz edib və təqsirləndirilən şəxsin ona hələ də borcu qaldığını deyib.
 
Sonra şahid qismində zərərçəkmiş Ə. Camalovun oğlu Əkbər Camalov ifadə verib. O deyib ki, S. Nəbiyev atasından 18 min manat, 2500 dollar borc alıb: "Biz onun açacağı dükana şərik olacaqdıq. Pulu bu adla almışdı". 

Proses iyulun 12-də davam etdiriləcək.
 
İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən "Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə.Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və unun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
 
Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.
 
İcmal.Az

RƏYLƏR