Şamaxı rayonunda "Şahxəndan” məzar-türbəsinin ətrafının abadlaşdırılması işlərinə başlanılıb.
7News.Az-ın verdiyi xəbərə görə, alimlər XV əsrdə inşa edilən bu türbənin Azərbaycanın görkəmli şairi, mütəfəkkir (1369-1417) İmadəddin Nəsiminin böyük qardaşı Şahxəndana (Şah-i Xəndan) məxsus olduğunu bildirir. Türbənin içində iki yanaşı qəbir var. Məlumata görə, məzarın biri Nəsiminin qardaşı Şahxəndana, o biri isə həyat yoldaşına aiddir. Digər versiyalara görə, məzarda uyuyan qadın Şahxəndanın nişanlısı olub.
Nəsiminin Şahxəndan adlı böyük qardaşı vaxtsız vəfat etdiyindən bu ölüm onu sarsıtmış, bir çox qəzəllərində onu anmışdı. Şahxəndan el-obada güclü təsirə və hörmətə malik olduğundan onun dəfn olunduğu qəbiristanlığı "Şahxəndan" adlandırmışdılar.
Şahxəndanın dəfn olunduğu yer müqəddəs sayıldığı üçün dövrünün üləmaları, hörmətli şəxsiyyətləri də "Şahxəndan qəbiristanlığı”nda dəfn olunurdular. Azərbaycan ədəbiyyatının məşhur simalarından biri olan şair Seyid Əzim Şirvani və bir çox tanınmış şəxsiyyətlər bu qəbiristanlıqda dəfn olunublar.
Qeyd edək ki, türbədə sovet dövrü və sonrakı illərdə aparılan təmir-bərpa işləri böyük fəsadlar yaradıb. Sement qatışıqlı məhlulların və Xəzər dənizi qumunun istifadə edilməsi daşların zərər görməsinə, duzların yaranmasına və bakteriayaların fəallaşmasına, daxildən deqradasiyanın güclənməsinə səbəb olub.
Hazırda "Nəsimi ili" ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə abidənin ətrafının abadlaşdırılması və deqradasiyanın qarşısını almağa yönəlik tədbirlərə başlanılıb.
Abidənin köklü restavrasiyası da gündəmdədir və aidiyyatı qurumların razılığından sonra yaxın vaxtlarda bərpa işlərini də başlamaq nəzərdə tutulur.