QHT fəaliyyətinin maraqlı məqamları – Fərasət Qurbanov yazır

OXUNUB: 895 QHT
Fərasət Qurbanov 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru

Vətəndaş cəmiyyətinin əsas institutlarından biri olan qeyri-hökumət təşkilatları ölkənin ictimai həyatında mühüm rola malikdirlər. QHT-lər ictimai həyatın ən fəal təbəqəsi olmaqla cəmiyyətdə mövcud olan problemlərə çevik reaksiya verir və onların həlli üçün ciddi səylər göstərirlər. 
Real QHT həyatı yaşayan, bu ictimai işin incəliklərinə dərindən bələd olan və ona qəlbən bağlı olanlar QHT fəaliyyətin nə qədər maraqlı və mənalı olduğunu yaxşı bilirlər. Bu gün cəmiyyətimizi QHT-lərsiz təsəvvür etmək mümkün deyil. Özünü ictimai problemlərin həllinə həsr edən, cəmiyyətdə mövcud olan ən kiçik məsələlərə belə biganə qalmayan bu təşəbbüskar insanların fəaliyyəti sözün birbaşa mənasında əsl fədakarlıqdır. Dövlətimiz də bu fədakar insanların təşəbbüslərini yüksək dəyərləndirir və onların reallaşmasına hər cür dəstək verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər il QHT-lərin ictimai əhəmiyyətli yüzlərlə layihələrini dəstəkləyir. Qurumun icra orqanının rəhbəri olaraq həmin layihələr çərçivəsində QHT-lərin həyata keçirdiyi işlər haqqında hesabatları vəzifə borcu olaraq diqqətlə oxuyur və onların reallığa təsiri ilə yaxından maraqlanıram. Heç şübhəsiz, müxtəlif istiqamətlər üzrə həyata keçirilmiş bu layihələrin yekunlarında insanı duyğulandıran, qürurlandıran və düşündürən xeyli məqamlar var. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzən hesabatda qeyd olunan bir sıra məqamlar mediada öz əksini tapmayıb, ya da əksinə, mediada gedən maraqlı məlumatlar hesabata daxil edilməyib. Bununla əlaqədar Şura Katibliyi QHT-lərə müvafiq təlimatlar verir və zəruri konsultativ xidmətlər göstərir. QHT layihələri, onların mövzuları, ictimaiyyətlə iş, layihələrin idarə olunması, ümummilli məsələlərə çevik reaksiya, ictimai problemlərə yeni yanaşma metodları, tədbirlərin təşkili, nəticələrin ümumiləşdirilməsi və sair bu kimi məsələlərə növbəti yazılarımda bəhs etmək fikrindəyəm. 
Bu yazımda QHT fəaliyyətinin ən mühüm prinsiplərındən biri olan kollegiallıq məsələsinə toxunmaq istərdim. Əlbəttə, bu heç də təsadüfi deyildir. QHT fəaliyyətini maraqlı edən, ona ictimai rəng qatan və onun əsl mahiyyətini ifadə edən məqam da məhz kollegiallıqdır. Bir qədər sadə formada ifadə etsək, QHT-nin seçkili orqanlarının, idarə heyətinin və nəzarət təftiş komissiyasının praktik olaraq fəaliyyət göstərməsi nəzərə tutulur. Fikrimcə, bu işin qismən də olsa təşkil edilməsi QHT həyatını çox maraqlı və məzmunlu edər, cəmiyyətin və digər tərəfdaşların QHT-lər olan inam və etibarı daha da artırar. Bu, həm də ictimai fəaliyyətlə bağlı böyük bir islahatın başlanğıcı ola bilər.
 
 
İcmal.Az

RƏYLƏR