Beyləqan rayon sakini Şirinov Qoşqar İsrail oğlu ölkə rəhbərliyinə şikayət edərək "Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyevin onun ailəsinə dövlət tərəfindən ayrılmış vəsaiti mənimsədiyini iddia edir.
Qlobal.az-a müraciət edən Beyləqan rayon sakini Qoşqar Şirinoviddia edir
ki, 5 ildir Beyləqan rayon mərkəzinə yaxın bir ərazidə vaxtı ilə dövlət tərəfindən
onlara icarə əsasında verilmiş 16 ha torpaq sahəsinin 14 ha hissəsini Namiq
Quliyevi taxılçılıq adı altında onlardan alıb. Belə ki, "Qarabağ Taxıl” MMC
"Qoşqar” kəndli təsərrüfatından 14 hektar ərazini alıb. Ancaq aldığı torpağa
görə, ödəməli olduğu kompensasiyanı vətəndaşa ödəməyib.
Qanuna görə sahibkar fermerə məxsus torpaq sahəsi şirkətə verilirsə sahibkara
dövlət tərəfindən hesablanmış kompensasiya verilir. Qeyd edilən kompensasiyanı
isə dövlət Namiq Quliyevin şirkətinə köçürüb. Ancaq 5 ildir Şirinovlar ailəsi həmin
vəsaitə həsrət qalıblar. Yalnız 2 min manat vəsait aldığını deyən Qoşqar
Şirinov dəfələrə şirkət rəhbəri Namiq Quliyevin qəbulunda olsa da sonda heç bir
nəticə dəyişməyib.
Neçə ildir Namiq Quliyevin özbaşınalığı ilə üzləşən şikayətçi saytımız vasitəsi
ilə ölkə başçısı İlham Əliyevə müraciət edərək "Səba Broyler”in qanunsuz əməllərindən
təngə gəldiyini bildirir.
Qoşqar Şirinov yazır:
"Ailəmizə məxsus 14 ha torpaq sahəsini Namiq Quliyevin şirkəti tərəfindən alınmış və bizə düşən kompensasiya 4 ildir verilmir. Sizin alicənablığınız, vətəndaş üçün dayanmadan gecə-gündüz çalışmalarınız məhz Namiq Quliyev kimi vətəndaşı incidən sahibkarlar tərəfindən kölgə altına düşür.
Cənab Prezident!
Sizdən bir vətəndaş kimi xahiş edirəm ailəmizə verilməli olan kompensasiyanın
bizə ödənilməsində köməklik edin. Hazırda ailəmdə ağır xəstə olduğu üçün bu vəsaitə
ciddi ehtiyacım var. Mən bir Azərbaycan vətəndaşı olaraq sizə müraciət edərək,
Namiq Quliyev kimi saxtakar birisinin ailəmizin haqqını mənimsəməsinin
qarşısının alınmasına köməklik etməyinizi xahiş edirəm”.
Qeyd edək ki, "Səba Broyler” şirkətinin rəhbəri Namiq Quliyev Bank
Respublikanın prezidenti Natiq Quliyevin qardaşıdır. Namiq Quliyevin vətəndaşları
aldatması barədə ölkə mediasında dəfələrlə müxtəlif şikayətlər səsləndirilsə də
şirkət rəhbəri bunlardan nəticə çıxartmayıb. Bu yaxınlarda mediada Füzuli
rayonundan olan bir qrup məcburi köçkünə məxsus Haramı düzündə "Səba Broyler”ə
verilmiş torpaq sahələrində sakinlərə çatacaq kompensasiyanı şirkət rəhbəri mənimsəməsi
ilə bağlı şikayətlər yer almışdı. Həmin şikayətlərdə iddia olunurdu ki, Namiq
Quliyev "Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun oğlu ilə Haramı düzündə şərikli
torpaq sahələri əkib.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəf də münasibət bildirə bilər.