Şuranın dəstəyi ilə sağlam həyat tərzi təşviq olunacaq – Layihə

OXUNUB: 44 QHT

"Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihəsinin icrasına başlanılıb. 

İB-dən Azadinform-a verilən məlumata görə, layihə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində təbliğat və maarifləndirmə işinin gücləndirilməsindən bəhs edir. 

Layihənin məqsədi gənclər və valideynlər arasında narkomaniyanın fəsadlarını izah etmək, müvafiq yaş qrupları arasında əyani təbliğat vasitələrindən istifadə etməklə narkotikaya aludəçiliyi aradan qaldırmağa yardımçı olmaqdır.  

Layihə çərçivəsində təhsil işçiləri, məktəblilər və ümumilikdə əhali arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılacaq, bu barədə video filmlər nümayiş etdiriləcək, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə region əhalisi (Lənkəran, Lerik) məlumatlandırılacaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəaları əhaliyə izah ediləcək, narkomanlıq və onun fəsadları barədə yazılı və internet mediada dolğun məlumatlar veriləcək, müəllif yazıları və buklet hazırlanacaq.

 

 

İcmal.Az

RƏYLƏR