Bakıda keçiriləcək Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə iştirak etmək məqsədi ilə türkdilli ölkələrin dövlət başçılarının paytaxtımıza gəlişi gözlənilir. Məlumatda qeyd edilir ki, oktyabrın 14-15-də Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində Çoxtərəfli Forum keçiriləcək.
Türk Şurası nə zaman yaradılıb və kimlər bu quruma rəhbərlik ediblər? 7NEWS.az olaraq bu sahədə kiçik araşdırma elədik. İlk öncə qeyd edək ki, Turk Şurası 03 oktyabr 2009-cu ildə Naxçıvanda yaradılmışdır. Quruluş anlaşması Prezident İlham Əliyevin ev sahibliyi ilə Naxçıvanda imzalanmışdır. 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilmişdir. 2011-ci ildə Türkdilli Dövlətlərin Biznes Şurası yaradılmışdır. Biznes Şurasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmsil edilir.
Üzv dövlətlər.Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan. Bu yaxınlarda Özbəkistan da bu Sazişə qoşulub. Bundan əlavə, Macarıstan da müşahidəçi üzv kimi iştirak edir. Şura təsis olunduqdan sonra zirvə görüşləri "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşləri” adı altında Almatı, Bişkek, Nursultan, Bodrum və Qəbələ şəhərlərində keçirilib. Növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsi qərara alınıb. Bu məqsədlə 14-15 oktyabrda türkdilli ölkələrin dövlət başçılarının Bakıda növbəti zirvə toplantısına gəlişi gözlənilir.
Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.TDƏŞ-in bu günə qədər keçirilmiş bütün zirvə görüşlərində olduğu kimi, üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Astanada qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində tərəflər,"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respüblikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulamışlar”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına kimlər və hansı müdətdə rəhbərlik ediblər? 3 oktyabr 2009-cu ildən 2014-cü ilə qədər bu quruma Halil Akıncı rəhbərlik edib.
Daha sonra 16 iyul 2014-cü ildən etibarən bu quruma peşəkar diplomat Ramil Həsənov rəhbərlik edir. Məlumat üçün qeyd edək ki, 2018-ci ilin sentyabrına qədər Ramil Həsənov Türk Şurasını uğurla idarə edir və təşkilatı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının səviyyəsinə qaldırmağı bacarır. Məhz Ramil Həsənovun Baş Katib olduğu dönəmlərdə Şura öz fəaliyyət istiqamətlərini, fəaliyyət coğrafiyasını genişləndirdi, Türkdilli ölkələrin maraqlarını dünya miqyasında müzakirəsinə nail oldu. Özbəkistan ilə üzvlük danışıqlarının başlanılması, bu ölkənin prezidentinin Zirvədə iştirakının təmin edilməsi və Macarıstanın Şuraya müşahidəçi üzv olaraq qəbul edilməsi Ramil Həsənovun Baş Katib olduğu dönəmə təsadüf edir. R.Həsənovun fəaliyyəti üzv olan Türkdilli dövlət başçıları tərəfindən də yüksək dəyərləndirildi və ən yüksək səviyyədə qiymətləndirildi. Bir azərbaycanlı diplomatın belə bir nüfuzlu təşkilatı zirvələrə qaldırması əslində Prezident İlham Əliyevin sırf bu istiqamətdə həyata keçirdiyi siyasətin ən bariz nümunəsidir.
7NEWS.az