İstiqlal Bəyannaməsi müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoydu ŞƏRH

OXUNUB: 5315 GÜNDƏM SİYASƏT
Bu günlərdə Azərbaycan öz tarixinin ən əlamətdar günlərindən birini – müsəlman dünyasında parlamentar idarəetmə formasına sahib ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106-cı ildönümünü qeyd edir. Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası, Vətənini canından da çox sevən igid babalarımız İstiqlal Bəyannaməsini imzaladıqdan sonra Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət atributları yaradıldı, ana dili dövlət dili elan olundu, Azərbaycan vətəndaşlığı institutu təsis edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, bütövlükdə dövlətçilik ənənələrinin formalaşmasının əsası qoyuldu, xalqımızın müstəqillik hissləri daha da gücləndi.

Yeni fəaliyyətə başlamış Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rola malik oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O qeyd edib ki, ölkədə yaşayan bütün xalqların və siyasi partiyaların, eləcə də bütün etnik və dini qrupların Parlamentdə təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki sözügedən yüksək təmsilçilik şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi oldu. 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bir sıra qanunlar qəbul etdi, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirdi.

Yeni qurulmuş Cümhuriyyətin atdığı ilk addımlar isə xalqın savadlanması və təhsilin arzu olunan səviyyəyə çatdırılmasından ibarət idi. Bu istiqamətdə 1919-cu ildə Bakı Dövlət Universiteti və bir çox digər təhsil müəssisələri yaradıldı. Eyni zamanda, şəffaf hüquq və məhkəmə sisteminin qurulmasına təkan verildi.

Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm işlər görüldü. Məhz dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti nəticəsində ölkəmiz dünyanın siyasi nizamının yenidən qurulduğu bir zamanda beynəlxalq hüququn subyektinə çevrilə bildi və bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.

Deputatın sözlərinə görə, 28 May yalnız Azərbaycan xalqı üçün yox, demokratik və respublika dəyərlərini qeyd edən bütün ölkələrdə əhəmiyyətli bir tarix olmalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin öz inkişaf yolunda özünə bələdçi etdiyi dəyərlər bu gün də dünyanın çatmaq istədiyi qlobal məqsədlərin hədəfləri ilə üst-üstə düşür.

"Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsipinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq xalqın istiqlal arzusu ölmədi. Beləliklə 71 il sonra, 1991-ci ildə oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olundu və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”. Taleyimizin həll olunduğu ağır bir zamanda qədirbilən Azərbaycan xalqının təkidli tələbinə səs verərək yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil müasir Azərbaycanın qurucusu və memarına çevrildi. Ümummilli Lider ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına rəhbərlik edərkən, Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə məhz Xalq Cümhuriyyətindən miras qalan, bizi tanıdan, mənəviyyatımızı, milliliyimizi əks etdirən üçrəngli bayrağımızı iclas zalına gətizdirərək rəsmi Dövlət Bayrağı kimi təsdiq olunmasına nail oldu”, - deyə M.Əfəndiyev xatırladıb.

O deyib: "30 ildən artıq bir müddətdə Azərbaycan tarixinin müstəqillik dövrünü əhatə edən üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin bərpa olunması, qələbələrimizin təmin olunmasında iradəmizi daha da möhkəmləndirdi, bütün platformalarda bizə mənəvi güc verdi. Bu gün isə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, suveren Azərbaycanın bütün ərazilərində dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Dövlətimizin başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ölkəmizin dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir”.

RƏYLƏR