“VIP Style Estetik Tibb Mərkəzi”ndə RƏZALƏT - XƏSTƏNIN ÇAYINA DƏRMAN ATIB BAŞINA BU OYUNU AÇDILAR

OXUNUB: 431 Özəl HADİSƏ

Heç kimə sirr deyil ki, ildən-ilə estetik klinikalar və gözəllik salonları tərəfindən aldadılan qadınların sayı durmadan artır.

Doğrudan da son illər gözəllik şirkətlərinin nümayəndələri küçədə, ictimai-iaşə mərkəzlərində, mağazalarda qadınlara yaxınlaşıb, öz xidmətlərini təklif edirlər. Telefonla zəng vuraraq nömrənin guya uduşa düşdüyünü, buna görə də pulsuz kosmetoloji xidmət göstərəcəklərini söyləyirlər. Bundan əlavə, sosial şəbəkələrdə səhifələr yaradaraq yalançı reklamlar yerləşdirirlər. 

İcmal.Az xəbər verir ki, big.az-ın redaksiyasına müraciət edən Mehriban Əzizova ad-soyadlı xanım "VIP Style Estetik Tibb Mərkəzi" tərəfindən fırıldaqla üzləşdiyini deyir. Belə ki, həmin xanıma zəng edib, endirim kampaniyasına düşdüyünü deyiblər. Daha sonra mərkəzlərinə dəvət ediblər. Elə əsl həngamə də bundan sonra başlayıb: 

"Çaya keyidici dərman qatıb, sənədə qol çəkdirdilər"

"Həmin xanım başladı ki, bəs siz xüsusi endirim kampaniyasına düşmüsüz. Mərkəzimizə gəlin, sizi gözəlləşdirək. Mən də maraqlandım ki, nə kampaniyadır. Qız dedi ki, üzünüz müayinə olunacaq, daha sonra diaqnoz qoyulub, aparat kosmetalogiyası ilə xüsusi həkim tərəfindən müalicə olunacaqsınız. Nə isə, ora getdim. Məni gülərüz, xoş personal qarşıladı. Özünü Hökumə adı ilə təqdim edən həkim xanım üzümün bir hissəsinə simmetrik olaraq, xüsusi kremlər vasitəsilə qulluq göstərdi. Daha sonra da mənə həmin firmanın olduqca bahalı kremlərini endirimlə almaq təklifini etdi. Düzü, əvvəlcə tərəddüd etdim, Hökumə adlı həkim-kosmetoloq fasiləsiz danışır, məni yola gətirməyə çalışırdı. Deyirdi ki, Mehriban xanım, narahat olmayın. Biz sizə 50 faiz endirim edərik, siz pulu hissə-hissə ödəyərsiz. Gözəl musiqi fonunda yavaş-yavaş yola gəlməyə başlayırdım... Sonra mənə içməyə çay gətirdilər. Bəlkə də deyəcəklərimə inanmayacaqsınız, vallah, o çayda nəsə vardı, içdim, elə bil, beynim dondu, keyidi... Müqaviləyə necə qol çəkdiyimi və onların mənə vedikləri bir çemodanla - 3 min 600 manat dəyəri olan krem-dərmanlarla özümü küçədə gördüm. Evə çatar-çatmaz ağlım başıma gəldi ki, axı, mən kasıbam. Yoldaşım da işləmir, mən bu qədər pulu necə qaytaracağam? Dəli olmaq həddinə çatdım. Məhsulları qaytarmaq istəyəndə, nə desələr yaxşıdır? Xanım, siz kremlərdən birini açıb, istifadə etmisiz, qaytamaq mümkün deyil. Doğrudan da, müqaviləyə qol çəkəndən sonra özünü mənə həkim-kosmetoloq kimi sırıyan Hökumə adlı qadın kremlərdən birini açıb, təkrar üzümdə test etmişdi. İndi anlayıram ki, onun bu hərəkəti məqsədli imiş. Daha nə deyim, onları Allaha tapşırıram ki, məni belə çıxılmaz vəziyyətə saldılar. Hələ utanmadan mənə dedilər ki, xeyr, müqaviləyə qol çəkmisən. Səni məhkəməyə verəcəyik. Kim istəyər ki, məhkəməlik olsun? Ərim bilsə, məni öldürəcək, kömək edin..."

Aidiyyətı qurumlar məsələyə niyə göz yumur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, rəhbərlik etdiyi təşkilata estetik klinikalarla bağlı şikayətlər həddən artıq çox daxil olur:

"Bəzi şirkətlər qadınları bir günlük pulsuz müalicəyə cəlb edirlər. Şirkətə gedən qadınlara kosmetik xidmət göstərilir. Bundan sonra müştəri ilə 4 saatdan çox söhbət aparılır, onları müqavilə bağlamağa sövq edirlər. Qadınlara 3-4 min manatlıq kosmetik vasitələr verilir və pulun hissə-hissə ödənilməsi təklif olunur. Sonradan həmin kosmetik vasitələrin heç də bu qədər baha olmadığını öyrənən və onları geri qaytarmaq istəyən qadınları isə müqavilə şərtlərini pozmaqda suçlayaraq hədələyirlər. 

 

Onu da deyim ki, "VIP Style Estetik Tibb Mərkəzi" ilə bağlı artıq 5 ildir ki, rəhbəri olduğum quruma şikayətlər gəlir. Yəni qadınlara zəng edirlər ki, kampaniyaya düşmüsüz, sonra da 3-4 min manatlıq müqaviləyə qol çəkdirib, fırıldaq gəlirlər. Qadınlar da ya qorxularından ya pulu ödəyirlər, ya da bizə müraciət edirlər. Yalvarırlar ki, amandır, ailəmiz heç nə bilməsin. Azad İstehlakçılar Birliyi də həmin malları uğurla, həm də təmənnasız olaraq geri qaytarır və insanların canını bu kimi problemlərdən qurtarır. Ora klinika deyil, adam toplusudur, əhalinin başını yeyirlər. Çox təəssüflər olsun ki, bununla bağlı Baş Prokurorluğa, İqtisadiyyat və Sənaye, Səhiyyə nazirlikləri qarşısında dəfələrlə etdiyim müraciət cavabsız qalıb. Onlar bu kimi hallara göz yumurlar... Azərbaycanda bir qrup adam insanların hüquqlarını pozmaqda və onları aldatmaqda davam edir". 

"VIP Style Estetik Tibb Mərkəzi"nin baş həkimi Samirə Məcidova

Xatırladaq ki, "VIP Style Estetik Tibb Mərkəzi" əvvəllər "Elevatione" adı altında fəaliyyət göstərirdi. 3600 manata satdıqları kosmetika isə "Elevatione" və "Madam Pikasso" markalarıdır.

Odur ki, ehtiyatlı olun, bu tələyə siz də düşməyin!

Məsələyə aydınlıq gətirmək və obyektivliyi qorumaq məqsədilə adıçəkilən tibb mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən Milli.Az-a bildirdilər ki, hazırda bununla bağlı mətbuata açıqlama verən şəxs klinikada yoxdur və nə zaman olacağı bəlli deyil. Klinikanın adından danışacaq şəxsin mobil telefonunu da verməkdən imtina ediblər. Qeyd ediblər ki, buna icazələri yoxdur və həmin şəxs yalnız o klinikaya gələndən sonra danışa bilər.

İcmal.Az

RƏYLƏR