Vitse-spiker: “Həlak olan şəxsləri şəxsən tanıyırdım”

OXUNUB: 822 SİYASƏT
Ötən gün Füzulinin Alxanlı kəndində baş vermiş erməni təxribatı ilə bağlı ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında məsələ qaldırılıb.


İcmal.Az xəbər verir ki, əvvəlcə Milli Məclisin sədr müavini, vitse-spiker Bahar Muradova Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilən təxribat nəticəsində həlak olan Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı barədə məlumat verib.

"Ermənistan silahlı qüvvələri təmas xəttində sistemli şəkildə hücumlar həyata keçirir. Mən özüm Azərbaycan parlamentinə bu regiondan millət vəkili seçilmişəm. Mənə xüsusilə ağırdır, çünki həlak olan şəxsləri şəxsən tanıyırdım. Mən özüm də Füzuli rayonundan məcburi köçkünəm. Azərbaycan tərəfində təmas xəttində yalnız mülki əhali yaşayır. Təmas xəttinin digər tərəfində Ermənistandan olan silahlı çağırışçılar, əsgərlər dayanır. Təmas xəttində baş verən, mülki insanların ölümünə görə məsuliyyət Ermənistanın hərbi-cinayətkar rejiminin üzərinə düşür”, - vitse spiker çıxış edərək bildirib.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. 

Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.
 
İcmal.Az

RƏYLƏR