Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin mədəniyət paytaxtımıza hər səfəri verdiyi vədlərin reallığa çevrilməsinin təqdimatıdır

OXUNUB: 735 SİYASƏT

"Avqustun 29-da dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağın tacı Şuşamıza sayca beşinci səfəri təkcə xalqımızın deyil, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Ümumiyyətlə, möhtərəm Prezidentimizin  mədəniyyət paytaxtımıza hər səfəri verdiyi vədlərin reallığa çevrilməsinin təqdimatı kimi dəyərləndirilir. Müzəffər Ali Baş Komandan 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədinin  davamı olaraq növbəti çıxışlarında "Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin bərpa ediləcəyini bildirmişdi. Həmçinin dövlət başçısı Şuşanın əvvəlki simasının bərpa ediləcəyini, dünyanın ən gözəl şəhərləri sırasında olacağını əsas hədəf kimi müəyyənləşdirmişdi. Bu baxımdan artıq əminliklə demək olar ki, Prezident İlham Əliyevin  mədəniyyət paytaxtımıza hər səfəri mühüm hadisələrlə dolu Zəfər tariximizi yeni-yeni  çalarlarla zənginləşdirir. Cənab İlham Əliyevin  Şuşa şəhərinə növbəti səfəri də bir daha  bu unikal diyarımızın zəngin mədəni və mənəvi ruhunun dünyaya çatdırılması istiqamətində mühüm addım oldu. Şuşanın dirçəldilməsi, bərpasi, yenidən Azərbaycanın mədəniyyət və incəsənət paytaxtına çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində   bir sıra açılışlar edildi, ən əsası Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa olundu. Gözün aydın, Qarabağın tacı, Azərbaycanımızın döyünən ürəyi əziz Şuşamız!”
   Bu fikirləri "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
    V.Rəhimzadə qeyd edib ki, cənab Prezidentin və birinci xanımın iştirakı ilə Molla Pənah Vaqifin büstünün və məqbərəsinin,  Bülbülün ev-muzeyinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, "Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması son 9 ayda erməni əsirliyindən xilas olmasının sevincini yaşayan Şuşamızın mədəni və sosial həyatında mühüm hadisə oldu. "Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı: "Dünyaya səs salan, Azərbaycan xalqının tolerantlığına,   tarixinə, mədəniyyətinə bağlılığının təqdimatı olan, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən  "Xarıbülbül” musiqi festivalının ardınca Vaqif Poeziya Günlərinə ev sahibliyi edən Şuşanın qonaqları gördükləri unikal mənzərələrdən heyrətlərini gizlədə bilmirlər.  Qısa müddətdə bərpa və quruculuq işlərinin  miqyasının genişliyi, ən əsası Şuşanın sözün əsl mənasında dirçəldilməsi hər bir azərbaycanlının qəlbində  sonsuz qürur hissi yaratmaqla yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı nitqində yer alan, işğalçı Ermənistana və onun havadarlarına ünvanlanan  "Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”   bəyanatı  sabahımıza böyük inam, əminlik,  gözü hələ də Şuşamızda olan yağı düşmənə ciddi mesaj oldu.”
     V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza, xüsusilə mədəniyyət paytaxtımız Şuşaya hər səfəri ermənilər tərəfindən böyük kədərlə qarşılanır: "30 il Şuşanı erməni şəhəri kimi təqdim etməyə çalışan düşmən bunu bacara bildimi?  Təbii ki, yox! Çünki  yalanın həqiqət üzərində qələbəsi mümkün deyil. Hər zaman danışan tarix, onun əsas yardımçısı isə əlahəzrət fakt olur. Dövlət başçısı İlham Əliyev sözügedən  tədbirdəki nitqində "Əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb” fikirləri ilə  bir daha bu reallığı da açıqladı ki, torpaqların sahibi qurucu, bərpaedici, hər daşını, qayasını bir tarix kimi qoruyan olur. Dünya  Azərbaycanın timsalında bunu görür.     Dağıtmaq, məhv etmək, özgəsinin torpağına göz dikmək ermənilərin xislətidir. Ermənistanda nə qədər hakimiyyət dəyişsə belə, onların faşizm ideologiyası, xislətləri dəyişməz olur. Amma yenə də qalib tərəf ədalətə, beynəlxalq hüquqa əsaslanan, hec bir dövlətin torpağında gözü olmayan, humanizm prinsiplərinə söykənən ölkə, xalq olur.”
 

Baş redaktor ölkə Prezidentinin Vaqif Poeziya Günlərinin rəsmi açılışındakı nitqində yer alan  bu mühüm məqama da xüsusi diqqət yönəldib ki, işğal dövründə   həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə  fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı,  bu vəziyyətə düşməzdik.  Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü, səbirli olmaq lazımdır. Ədaləti bərpa etmək  üçün isə yorulmadan çalışmaq,  hədəfə doğru getmək gərəkdir.  Bu gün   hamımız  deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi.
"Azərbaycan ədalətin bərpa olunması üçün 30 ilə yaxın səbir, dözüm  nümayiş etdirdi, eyni zamanda,  diplomatik üstünlük qazandı” söyləyən Vüqar Rəhimzadə  vurğulayıb ki, ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsində də möhkəm hüquqi baza əsas rol oynadı: "Azərbaycan Ordusu öz torpaqlarımızda döyüşdü, ərazi bütövlüyümüzü bərpa etmək, 30 ilin işğalına son qoymaq üçün mübarizə apardı, şəhidlərimizin canı, qanı bahasına Qələbəmizi qazandıq. Bu Zəfər Azərbaycanın 28 ildir dünyaya ünvanladığı çoxsaylı sualları  da cavablandırdı.   Dövlət başçısının da vurğuladığı kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi,  heç bir nəticəsi olmadı.
    "Postmünaqişə dövrünün reallıqları, ən əsası 30 illik işğal və  İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq güclərin tutduğu mövqe  onu göstərdi ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki  azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyir,  dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Dövlətimiz isə  ən yüksək tribunalardan Azərbaycan xalqının işğalla heç zaman barışmayacağını,  əgər məsələ sülh yolu ilə öz həllini tapmasa,  ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyimizi bəyan edirdi. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqımıza əsas verirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində  BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi,  ədaləti bərpa etməklə illərdir onun yoxluğu barədə düşüncələrdə də dəyişikliyə şərait yaratdı. Bir daha təsdiqləndi ki, bütün münaqişəli məsələlərin həllində, həmçinin beynəlxalq münasibətlərdə güc və  hüquq, ədalət əsasdır. Bütün sahələrdə  böyük uğurlara imza atan, təcrübəsi nümunə olan Azərbaycan dünyanın hərb tarixinə yeni parlaq səhifə yazmaqla müharibə praktikasının, taktikasının öyrənilməsini də  bir zərurətə  çevirdi”,- deyə baş redaktor bildirib.   
  V.Rəhimzadə 30 ilin reallıqlarına qısa baxış fonunda böyük qürurla işğaldan azad edilən torpaqlarımızın, o cümlədən Şuşanın  cənnət məkana çevrilməsindən də bəhs edib:  "Artıq Şuşa şəhərinin də baş planı təqdim edildi. Bu, Böyük Qayıdışa doğru növbəti addımdır.  Şuşanın bərpasına dövlət başçısı İlham Əliyevin  mədəniyyət paytaxtımıza ilk səfəri zamanı,  yanvarın 14-də  start verilmişdi. 8 ayda  görülən işlərin, icra olunan layihələrin əhatə dairəsi genişdir. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları bu layihələri uğurla baş çatdırmağa əsas verir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan qurtulmuş ərazilərimizə hər səfəri bərpa və quruculuq işləri ilə bağlı  hədəfləri özündə ehtiva edən  "yol xəritəsi”nin ölkə ictimaiyyətinə, həmçinin dünyaya təqdimatında mühüm rol oynayır.  Tarixlə müasirliyin vəhdəti  fonunda aparılan bərpa və quruculuq işləri tezliklə Şuşamızı  dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək.”

RƏYLƏR