“Xalq-iqtidar” birliyi antiazərbaycan qüvvələrə əl-qol açmağa imkan verməyəcək

OXUNUB: 366 SİYASƏT
Son 16 il ərzində ölkə rəhbəri cənab İlham Əliyevin milli maraqlara uyğun reallaşdırdığı siyasət sayəsində respublikada ictimai-siyasi sabitlik, dayanıqlı və dinamik inkişaf, xalq-iqtidar birliyi bərqərar olub. Dərin iqtisadi islahatlar nəticəsində mühüm uğurlar əldə edilib, minimum əməkhaqqı, əmək pensiyaları, bütün növ sosial müavinətlər, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi kimi diqqətdə saxlanılıb. Müasir texnologiyalara və geniş ixrac imkanlarına malik sənaye parkları və məhəllələrinin yaradılmasına xüsusi əhəmiyyət verilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sahədə ardıcıl olaraq dövlət dəstəyi tədbirləri davam etdirilib. 

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması istiqamətlərində ciddi addımlar atılıb. Ölkənin valyuta ehtiyatları bu ilin əvvəlinə 45 milyard dollara bərabər olub. Xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşüb. Ötən il xarici ticarət dövriyyəsində 8 milyard dollarlıq müsbət saldo yaranıb.   
Bu dövrdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi davamlı şəkildə dünya ictimaiyyətinin, həmçinin beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. İkitərəfli və çoxtərəfli formatlarda qəbul olunan sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib. 
Azərbaycan Prezidentinin iştirakı ilə son 16 il ərzində çoxsaylı mühüm layihələr reallaşıb. Cənub Qaz Dəhlizinin açılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin vacib rolunu bir daha nümayiş etdirib. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar, nəhayət, uğurla yekunlaşıb və dövlətimizin maraqlarını özündə əks etdirən Konvensiya imzalanıb. 
Türkiyədə illik istehsal gücü 10 milyon ton olan "Star” neft emalı zavodu istismara verilib. Ötən ilin sentyabr ayında isə orbitə buraxılan ikinci telekommunikasiya peyki – "Azərspeys-2” bu sahədə xidmətlərin və yayımın əhatə dairəsinin genişləndirilməsini, xidmətlərin çeşidinin, satış həcminin artırılmasını təmin edib. 
Bütün bu və ya digər uğurlar, həmçinin həyata keçirilən müdrik xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına öz müsbət təsirini göstərib, ölkəmizi regionun və dünyanın aparıcı qüvvəsinə, əsl söz sahibinə çevirib. Respublikamızla ikitərəfli əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artıb. 
Fransanın "Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğuda da dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən reallaşdırılan təkmil islahatlara xalqın dəstəyi öz ifadəsini tapıb. Azərbaycanda xalq-iqtidar birliyinin getdikcə güclənməsi diqqətə çatdırılıb. Azərbaycanda mövcud bu cür müsbət şərait isə ölkəmizin uğurlarına qısqanan daxili və xarici anti-Azərbaycan qüvvələri narahat edir. Respublikamızda təfriqə salmağa, qarşıdırma yaratmağa cəhd göstərirlər. Lakin güclü xalq-iqtidar birliyi antiazərbaycan qüvvələrə əl-qol açmağa imkan verməyəcək.
 

Azər VERDİYEV,  
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq
 
 İcmal.Az

RƏYLƏR